Fevral ayının 10-da Xəzər Universiteti nəzdində yaradılan Şahmat Akademiyasının rəsmi açılış mərasimi keçirildi. Tədbirdə şahmat ictimaiyyəti, Gənclər və İdman Nazirliyi, Şahmat federasiyasının nümayəndələri, şahmatçılar, media işçiləri, valideynlər və digər qonaqlar iştirak edirdilər.
Tədbirdə çıxış edən Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı müasir tələblərə cavab verən, yeni tədris proqramları üzrə fəaliyyət göstərəcək bir şahmat akademiyası yaratmaqda məqsədin Azərbaycanda şahmatın inkişafına töhfə vermək olduğunu bildirdi. Sonra Hamlet İsaxanlı Azərbaycan şahmatının tarixi, onun gələcək inkişaf yolları haqqında öz fikirlərini bildirdi.
Daha sonra Gənclər və İdman Nazirliyinin nümayəndəsi, beynəlxalq dərəcəli hakim Lütfiyar Rüstəmov, Azərbaycan İdman Jurnalistləri Asossiasiyasının prezidenti, əməkdar jurnalist Eldar İsmayılıov, uzun illər ölkə şahmatının inkişafına xidmət etmiş beynəlxalq qrossmeyster, əməkdar məşqçi Sərxan Quliyev və başqaları çıxış edərək, Akademiyanın ölkə şahmatı üçün xeyirli işlər görəcəyinə inamlarını ifadə etdilər. İştirakçılar arasında Azərbaycan şahmatının inkişafı yönündə maraqlı müzakirələr aparıldı.