2018-ci il dekabrın 27-də Xəzər Universiteti Tarix və arxeologiya departamentinin 25 illik yubileyi ilə əlaqədər tədbir keçirildi. Tədbir universitetin akt zalında müxtəlif yerlərdən dəvət edilmiş qonaqların iştirakı ilə keçirildi. Dəvətlilər sırasında Xəzər Universitetinin rəhbərliyi ilə bərabər, Milli Azərbaycan Tarix Muzeyindən çoxsaylı qonaqlar, xüsusən də muzeyin direkor müavini Nərgiz Əliyeva, Mirzə Ələkbər Sabir Fondunun prezidenti Sevda Tahirli, AMEA-dan müxtəlif institutların nümayəndələri, həmçinin, Ş.Mustafayev və F.Əsədov, Bakı Dövlət Universitetindən və Mədəniyyət Nazirliyindən müxtəlif elm sahələri üzrə mütəxəssislər var idi. Tədbirin açılışından və MATM direktorunun təbriki səsləndirildikdən sonra Xəzər Universitetinin tarix müəllimliyi ixtisasının ikinci il tələbələrinin iştirakı ilə Tarix və arxeologiya departamentinin hazırladığı “Fənlərin mübahisəsi” adlı satirik səhnəcik iştirakçıların marağına səbəb oldu.
Sonra Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı və departamentin müdiri Roza Arazova Tarix və arxeologiya departamenti haqqında öz xatirə və fikirlərini bölüşdülər. Yubiley üçün hazırlanmış tort kəsildikdən sonra söz məzunlara və İctimai əlaqələr və media üzrə direktor Əlövsət Əmirbəyliyə verildi. Tarix və arxeologiya departamentinə hədiyyə olaraq, Xəzər Universitetinin tərəfdaşı olduğu “Şəhər incəsəti” layihəsinin hazırladığı ilkin loqo versiyası göstərildi.
Sonda qonaqlar və tələbələrlə xatirə fotoları çəkildi və çay süfrəsi arxasınad akademik müzakirələr aparıldı.