2018-ci il dekabrın 21-də Xəzər Universitetində “Dünya ədəbiyyatını öyrənək” layihəsi çərçivəsində əfqan əsilli Amerika yazıçısı Xalid Hüseyninin “Çərpələng uçuran”, “Min möhtəşəm günəş”, “Və dağlardan səda gəldi” adlı trilogiyasına həsr edilmiş seminar keçirildi.
Azərbaycan dili və ədəbiyyatı departamentinin müdiri dosent Vurğun Əyyub bu layihənin ideyasını Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlının verdiyini bildirdi, seminar iştirakçılarına uğurlar arzuladı.
Xəzər Universitetinin müəllimi layihə rəhbəri Qardaşxan Əzizxanlı “Günəş Şərqdən doğur” (İşıq Şərqdən gəlir –Ex oriente lux) məşhur deyiminə əsaslanaraq, layihəyə məhz bu əsərlərlə başlamağın səbəbindən söz açdı.
Trilogiyanı təqdim edən Təhsil fakültəsinin tələbələri Fəridə Nadirova-Əsgərova, Aytac Həsənova və Nərmin Ələkbərova öz təqdimatlarında əsas surətlərə diqqət yetirməklə, seminar iştirakçılarını əsərlərin məzmunu ilə tanış etdilər.
AMEA-nın Azərbaycan-Asiya ədəbi əlaqələr şöbəsinin müdiri, seminarın həsr olunduğu əsərlər barədə silsilə məqalələr müəllifi professor Bədirxan Əhmədov trilogiyanın ilk kitabdan məşhurluq qazanmasını, bütün dünyada geniş yayılmasını onun ideyası və qoyulan problemlə əlaqələndirdi. Asiyaşünas alim, həmçinin, seminar iştirakçılarını maraqlandıran sualları cavablandırdı.