2017-ci il dekabrın 15-də AMEA Mərkəzi Elmi Kitabxanası (MEK) və “Turan Cavid Qadın Mərkəzi” İctimai Birliyinin birgə təşkilatçılığı ilə MEK-də “Türk dünyasının qüdrətli qılınc və qələmi” adlı konfrans keçirilib. Tədbir Türk dünyasının iki böyük simasının – Azərbaycan ədəbiyyatında mənzum dram janrının banisi, böyük romantik şair və ictimai xadim Hüseyn Cavidin və Türkiyə dövlət və hərbi xadimi Kazım Qarabəkirin anadan olmalarının 135 illiyinə həsr olunub.

Tədbirdə AMEA-nın, dövlət və ictimai qurumlarının, ali məktəblərin nümayəndələri, Azərbaycanda akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri, Hüseyn Cavid və Kazım Qarabəkir mövzusuna müraciət etmiş sənətşünaslar, filoloq alimlər, rəssamlar, musiqi ifaçıları, aktyorlar, Hüseyn Cavid və Kazım Qarabəkirin ailə üzvləri iştirak ediblər.

Tədbirdə, həmçinin, Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı, universitetin Mədəniyyət Mərkəzinin direktoru və müəllimi, tanınmış xalçaçı rəssam Afaq Kərimova iştirak etmişlər.

Afaq Kərimova “Təsviri sənətdə Hüseyn Cavid” mövzusunda çıxışında Hüseyn Cavid mövzusuna müraciət edən sənətkarlardan söz açıb, müəllifi olduğu “Əbədiyyət” və “Heydər Əliyev və Hüseyn Cavid” xalçalarını, eləcə də “Planet” plakatı və “Alın yazısı” batikasını təqdim edib.

Tədbirdə Xəzər Universiteti və universitetin “Dünya” məktəbində Hüseyn Cavidin xatirəsinə və yaradıcılığına həsr olunan mərasimlər keçirildiyi vurğulanıb.

Tədbirdə Azərbaycanın tanınmış elm və sənət xadimlərinə ödüllər təqdim olunub. “Kazım Qarabəkir Vəqfi”nin rəhbəri, Kazım Qarabəkirin qızı Timsal Qarabəkir vəqfin fəaliyyətində iştiraklarına görə professor Hamlet İsaxanlıya və xalçaçı rəssam Afaq Kərimovaya “Kazım Qarabəkir Vəqfi”nin ödüllərini təqdim edib.

http://www.khazar.org/az/news/article/2749