Xəzər Universitetində yeni Neft mühəndisliyi laboratoriyası istifadəyə verilib  

2026/11/06

2026-cı il noyabrın 4- də Xəzər Universiteti Neft mühəndisliyi departamentinin nəzdində yaradılmış Neft mühəndisliyi laboratoriyasının açılış tədbiri olmuşdur.

Universitetin Neftçilər korpusunda yerləşən 115O nömrəli Neft mühəndisliyi laboratoriyasında keçirilən tədbirdə Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri Prof.Akad. Hamlet İsaxanlı, rektor Dr. Raziyə İsayeva, Təbiət elmləri və mühəndislik fakültəsinin dekanı Dr. Fəxrəndə Əfəndiyeva, Təbiət elmləri, sənət və texnologiya yüksək təhsil fakültəsinin dekanı Dr. Günel Bahəddinova, fakültə əməkdaşları, eləcə də SOCAR-ın baş ofisindən, Azərbaycan Dövlət Neft və Sənaye Universitetindən (ADNSU), Bakı Ali Neft Məktəbindən (BANM) və “Bibiheybətneft” NQÇİ-dən rəhbər şəxslərdən ibarət nümayəndə heyəti iştirak etmişdir.

Tədbir iştirakçılarını öncə laboratoriyada quraşdırılmış avadanlıqlar və tədqiqat prosesləri ilə Neft mühəndisliyi departamentinin müdiri Dr. Elvin Əhmədov tanış etmişdir. Həmçinin, o, laboratoriyanın nəzdində yeni yaradılmış Geologiya muzeyində toplanan süxur və mineralları, qazma, təmir və istismar avadanlıqlarını, eləcə də lay mühəndisliyi simulyasiyası və modelləşdirilməsi cihazlarının iş prinsipini təqdim etmişdir.

Növbəti sessiyada laboratoriyanın gələcək fəaliyyətinə dair təqdimat qonaqların diqqətinə çatdırılmışdır. Dr. Elvin Əhmədov bildirmişdir ki, laboratoriya tədris prosesi üçün tam hazır vəziyyətə gətirilib. Məkan termobarik tədqiqatlar, PVT və lay modelləşdirilməsi, habelə süxurlarda sıxışdırma sınaqlarını həyata keçirməyə imkan verən cihazlarla, qazma-təmir və istismar avadanlıqları, eləcə də havalandırma və təhlükəsizlik sistemləri ilə tam təchiz olunmuşdur. O, həmçinin, laboratoriyanın gələcək inkişaf mərhələləri barədə də qonaqlara ətraflı məlumat vermişdir.

Təqdimatdan sonra keçirilən fikir mübadiləsi zamanı görülən işlər universitet rəhbərliyi və qonaqlar tərəfindən yüksək qiymətləndirilmiş, laboratoriyanın gələcəkdə analitik-elmi tədqiqat və biznes mərkəzli tədqiqat laboratoriyası kimi inkişaf etdirilməsi strategiyası məqsədəuyğun hesab olunmuşdur.

Xəzər Universiteti bu layihənin reallaşdırılmasında dəstək göstərən bütün tərəfdaş təşkilatlara və əməkdaşlara öz dərin təşəkkürünü bildirir.

khazar.org