19 fevral 2024-cü il tarixindən Xəzər Universitetində “Mədəni Antropologiya və Folklor İnstitutu (MAFİ)”nun təsis edilməsi haqda əmr imzalandı. Bu institut Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri Prof. Akad. Hamlet İsaxanlıya tabe, sərbəst bir struktur bölməsi kimi fəaliyyət göstərəcək. Mərkəzin direktoru Prof. Ali Duymaz, koordinatoru isə Dos. Aynur Qəzənfərqızı təyin edilib.
Professor Ali Duymaz Türkiyə Balıkesir Universitetində Fənn-Ədəbiyyat Fakültəsində Türk Dili və Ədəbiyyatı Bölümünün başqanıdır. Həmçinin, UNESCO Türkiyə Təmsilçiliyində Komissiya Üzvüdür. Daha öncə Balıkesir Universitetində prorektor, dekan kimi vəzifələrdə çalışıb. Türk folklorşünaslığında özəlliklə dastan gələnəyi, Türk mifologiyası, Türk xalqları folkloru sahələrində bir çox dəyərli mövzularda araşdırmaları var.
Dosent Aynur Qəzənfərqızı 2017-ci ildən Xəzər Universitetində dərs deməyə başlayıb. 2019-cu ildən isə Dillər və ədəbiyyatlar departamentinin tam ştat müəllimi kimi fəaliyyət göstərir. Daha öncə AMEA Folklor İnstitutunda və Bakı Avrasiya Universitetində işləyib. 2019-2021-ci illərdə Çinin Xbay Xarici Tədqiqatlar Universitetində (Hebei Foreign Studies University) Azərbaycan dili müəllimi kimi çalışıb. Qumuq folkloru, Türk mifologiyası və Tenqrizm sahələrində tədqiqatları var.
Mərkəzin ilkin tərkibi 28 nəfərdən ibarətdir və onun 14 nəfəri professor, 7 nəfəri dosent, 4 nəfəri doktor, 3 nəfəri ünvansızdır. Üzvlər Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Rusiya (Dağıstan MR, Gorno Altaysk, Krım, Tatarıstan), Macarıstan, Moldova, İsveç, Gürcüstan və İraq kimi ölkələrin elm qurumlarında filoloji sahədə fəaliyyət göstərirlər.