2024-cü il yanvarın 30-da Holiday Inn hotelində “II Beynəlxalq Rəsulzadə Qiraətləri” adlı Beynəlxalq Elmi Konfransın açılış mərasimi oldu. Mərasimdə Azərbaycanın və bir sıra xarici ölkələrin tanınmış elm xadimləri, səfirliklərin nümayəndələri, dövlət rəsmiləri, sənət adamları, ziyalılar iştirak edirdilər.

Azərbaycan Respublikasının Dövlət himni ifa olunduqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinin qeyd edilməsi haqqında 30 dekabr 2023-cü il tarixli Sərəncamı oxundu.

Azərbaycanın Xalq artisti Alim Qasımov konfrans iştirakçılarını musiqi ilə salamladı.

Konfrans təşkilatçılarınin nümayəndələri – Solmaz Rüstəmova -Tohidi (“Rəsulzadə Ev – Muzeyi” İctimai Qrupu), Nailə Vəlixanlı (Milli Azərbaycan Tarixi Muzeyi), Hamlet İsaxanlı (Xəzər Universiteti), Yan Maliski (Varşava Universiteti), Necdet Ünüvar (Ankara Universiteti, onlayn), Vahid Mustafayev (VMF Holdinq) çıxış etdilər. Çıxışlarında görkəmli dövlət xadimi və zəngin palitralı siyasi və ədəbi əsərlərin müəllifi M. Ə. Rəsulzadənin çoxşaxəli irsinin tədqiqi və öyrənilməsinin davam etdirilməsi üçün belə konfransların və digər tədbirlərin keçirilməsinin zəruriliyini əsaslandırdılar.

Sonra iştirakçılara “Rəsulzadə Ev- Muzeyi” İctimai Qrupu tərəfindən virtual formatda hazırlanmış Ev-muzeyin layihəsi təqdim olundu.

AMEA prezidenti akademik İsa Həbibbəyli çıxışında nəzərə çatdırdı ki, Azərbaycan Xalq Cümhuriyyəti banilərinin şərəfinə Bakıda abidə uçaldılmış və xatirələri yad edilməkdədir. Akademik qeyd etdi ki, AMEA-nın bir sıra institutlarında onların irsi tədqiq olunur. “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzində isə Cümhuriyyət şöbəsi fəaliyyət göstərir.

M. Ə. Rəsulzadəyə siyasi mühacirət dövrü sığınacaq vermiş ölkələrin (Türkiyə, Polşa, Almaniya, Rumıniya) Azərbaycandakı səfirlikləri adından Polşa səfiri Rafal Poborski çıxış etdi. Dedi ki, Azərbaycanın bu görkəmli xadimi Avropadakı mühacirət həyatında olduğu hər bir ölkədə öz fəaliyyəti ilə iz qoyubsa da, Polşa mühitinə və həyatına daha dərindən sirayət edərək, ömür-gün yoldaşını da burada seçmiş, onunla həyatının sonuna qədər xoşbəxt ömür sürmüşdür. Buna görə də, polyaklar onu daha çox özlərininki hesab etməkdə haqlıdırlar. Əsərləri də Polşada daha geniş tədqiq olunur.

Xarici iştirakçılar, o cümlədən M. Ə. Rəsulzadə irsinin tədqiqatçıları adından Səbahəddin Şimşir (Türkiyə) və Georgi Mamulia (Fransa) çıxış edərək, vurğuladılar ki, Rəsulzadə irsi vətənindən uzaqlarda da tədqiq olunur və bu da, eyni zamanda, həmin ölkələrin də elminə yeni məzmun gətirir.

Konfransda Xalq artisti, Üzeyir Hacıbəyli Ev-Muzeyinin direktoru, bəstəkar Sərdar Fərəcov çıxış edərək, Üzeyir Hacıbəyli ilə Məhəmməd Əmin Rəsulzadənin dostluq və işgüzar əlaqələrindən danışdı.

Azərbaycan ziyalıları və iştirakçıları adından Əməkdar incəsənət xadimi, professor Zümrüd Axundova – Dadaşzadə çıxış etdi. O, nəzərə çatdırdı ki, Rəsulzadə AXC qurucularından biri, dərin məzmunlu ədəbi və publisistik əsərlərin müəllifi olması ilə yanaşı, həm də görkəmli milli sima kimi qəbul edilir.

Rəsulzadə ailəsi adından nəvəsi Rais Rəsulzadə çıxış etdi və konfransın təşkilatçılarına təşəkkürünü bildirdi, Rəsulzadənin irsinə və xatirəsinə son illərdə artmaqda olan diqqətə görə və məlum Sərəncamın imzalanmasına görə şəxsən cənab Prezidentə minnətdarlığını bildirdi.

Qeyd edək ki, açılış mərasimi konfransın bir sıra digər tədbirlər kimi Solmaz Rüstəmova-Tohidinin moderatorluğu ilə keçmişdir.

Açılış mərasiminin sonunda iştirakçılara Xəzər Universiteti Kamera orkestrinin (bədii rəhbər universitetin Musiqi və incəsənət departamentinin müdiri, əməkdar müəllim, pianoçu Zülfiyyə Sadıqova) konserti təqdim olundu.

khazar.org