Bakıda 2024-cü il yanvarın 29-u-fevralın 1-i tarixlərində “II Beynəlxalq Rəsulzadə Qiraətləri” adlı Beynəlxalq Elmi Konfrans keçirilir. Konfransın təşkilatçıları “M.Ə.Rəsulzadə Ev Muzeyi” İctimai Qrupu, Milli Azərbaycan Tarixi Muzeyi, Xəzər Universiteti, Ankara Universiteti, Varşava Universiteti və VMF şirkətidir.
Yanvarın 29-da konfrans çərçivəsində Xəzər Universitetinin Mərmər zalında görkəmli Polşa və Amerika tarixçisi, XX əsr Azərbaycan tarixinin ilk xarici tədqiqatçılarından biri, Azərbaycanın böyük dostu, Xəzər Universitetinin Fəxri doktoru Tadeuş Svetoçovskinin xatirə gecəsi keçirildi.
Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri Prof.Akad. Hamlet İsaxanlı tədbiri açaraq, görkəmli tarixçinin Azərbaycanla bağlı elmi fəaliyyəti və əsərləri haqqında geniş məlumat verdi. Qeyd etdi ki, Svetoçovskinin Xəzər Universiteti ilə sıx əlaqələri vardı. Onun
“Russia and Azerbaijan: A Borderland in Transition” kitabı universitet tərəfindən tərcümə etdirilərək, “Rusiya və Azərbaycan: Sərhədyanı bölgə keçid dövründə” adı ilə elə universitetin nəşriyyatında çap edimişdir. Svetoçovski Xəzər Universitetinin Fəxri doktoru adı verilmiş ilk xarici mütəxəssisdir.
Tədbirdə professor Solmaz Tohidi, Dr. Fərda Əsədov (AMEA Şərqşünaslıq İnstitutu), professor Qulu Məhərrəmli və digərləri çıxışlarında Svetoçovskinin Azərbaycanla əlaqədar yaradıcılığının müxtəlif cəhətlərindən bəhs etdilər.
Tədbirin qonaqları – Varşava Universiteti Şərqi Avropa Aaşdırmaları İnstitutunun rəhbəri Jan Malishi və institutun Qafqazşünaslıq ixtisası üzrə seminarın rəhbəri David Kolbai geniş çıxışlarında mövzu ilə əlaqədar mülahizələrini bildirmiş, xatirələrini danışmışlar.
Sonda Jan Malishi Hamlet İsaxanlıya hədiyyə təqdim etmişdir.