2023-cü il oktyabrın 25-də Xəzər Universitetinin Mərmər salonunda Beynəlxalq Türk Akademiyası (Qazaxıstan) və Xəzər Universitetinin təşkilatçılığı ilə “Uzun Həsən Ağqoyunlu və Onun Dövrü: Siyasi, Sosial-İqtisadi və Mədəni Məsələlər” mövzusunda beynəlxalq konfrans keçirildi. Konfransda Xəzər Universitetinin rəhbərliyi, fakültə dekanları, departament müdirləri, əməkdaşlar və tələbələr, Beynəlxalq Türk Akademiyasının rəhbərliyi, Türkiyə, Qazaxıstan və Monqolustanın, AMEA institutları və ölkə universitetlərinin alim və mütəxəssisləri iştirak edirdilər.

Konfrans başlanmazdan əvvəl Xəzər Universitetinin Kamera orkestri (bədii rəhbər – universitetin Musiqi və incəsənət departamentinin müdiri, əməkdar müəllim, pianoçu Zülfiyyə Sadıqova) iştirakçıları kiçik konsert proqramı ilə salamladı.

Sonra konfransın açılış mərasimi oldu. Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri Prof.Akad. Hamlet İsaxanlı və Beynəlxalq Türk Akademiyasının prezidenti Akad. Şahin Mustafayev açılış nitqi söylədilər.

Daha sonra konfransın plenar iclası öz işinə başladı. Prof. Şahin Fazil (AMEA Tarix İnstitutu) “Uzun Həsənin təşkil etdiyi Ağqoyunlu ordusunun izdihamlı rəsmi keçidinə baxış mütəfəkkir alim Cəlaləddin Məhəmməd Dəvaninin qələmi ilə (1476)”, Prof. Rr. Danuugiin Ankhbayar (Türkologiya Departamenti, Monqolustan Dövlət Universiteti və Katib Çelebi Universiteti, Monqolustan) “Elxanlı dövlət ənənəsindən Qaraqoyunlu üzərinə bəzi yansımalar: moğol tarixçiliyi üzərindən örnəklər”, Prof. Dr. Uli Schamiloglu (Qazax Dili və Türk Araşdırmaları Departamenti, Nazarbayev Universiteti, Qazaxıstan) “XIV -XV əsrlərdə Türk Dünyasında İqlim, Xəstəlik və Çarpışmalar”, Prof. Dr. Feridun Mustafa Emecen (Ədəbiyyat fakültəsi, İstanbul 29 Mayıs Universiteti, Türkiyə) “Əmir Teymura özənmək: Osmanlı qaynaqlarından Uzun Həsən haqqında təəssüratlar” və Prof. Zabil Bayramlı (Tarix fakültəsi, Bakı Dövlət Universiteti) “Ağqoyunlu-Səfəvi ortaq dövlətçilik gələnəyinin bir sıra məsələlərinə ümumi bir baxış” mövzularında məruzə etdilər.

Həmin gün konfrans öz işini dörd bölmədə davam etdirdi, alim və mütəxəssislərin iyirmidən artıq məruzəsi dinlənildi. Bununla da konfrans işini başa çatdırdı.

Konfransa Xəzər Universiteti Tarix və arxeologiya departamentinin müəllimi Nurlan Nəsirov moderatorluq edirdi.

Oktyabrın 26-da konfrans iştirakçıları üçün mədəni proqram nəzərdə tutulur.

khazar.org