Yeni çapdan çıxmış “Göyçay Ensiklopediyası”nda Xəzər Universiteti İngilis dili və ədəbiyyatı departamentinin baş müəllimi “Qabaqcıl təhsil işçisi” Firəngiz Sədiyar qızı Nəsirova haqqında da məqalə və fotosu verilmişdir.

Məqalədə qeyd olunur ki, F. Nəsirova 1970-ci ildə Azərbaycan Xarici Dillər İnstitutunu (AXDİ; indiki Azərbaycan Dillər Universiteti -ADU) ingilis dili müəllimi ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir. 1970-1991-ci illərdə AXDİ-də müəllim kimi fəaliyyət göstərib. Həmin vaxtdan indiyədək Xəzər Universitetində çalışır. Hazırlıq fakültəsinin dekanı, Audio-video Mərkəzinin direktoru olmuş, hazırda baş müəllim kimi fəaliyyətini davam etdirir.1990-1992-ci illərdə, eyni zamanda, Azərbaycan Dövlət Neft Akademiyası (indiki ADNSU) nəzdindəki Biznes kollecində də ingilis dili müəllimi kimi çalışıb.

Elmi fəaliyyəti ilə əlaqədar ABŞ-ın Los-Anceles Universiteti və Böyük Britaniyanın Mottingem Trent Universitetində, Avstriyanın Zalsburq Təhsil və Mədəniyyət Mərkəzində çalışmış, müxtəlif konfrans və tədbirlərdə iştirak etmişdir. İngilis dili və ədəbiyyatının tədrisi metodikası ilə əlaqədar bir sıra beynəlxalq sertifikatlara layiq görülüb.

1999-cu ildən, eyni zamanda, Britaniya səfirliyinin Xarici Diplomatlarla iş Mərkəzində məsləhətçi kimi fəaliyyət göstərir. Əsas tədqiqat sahəsi “İngilis ədəbiyyatı: Şekspir klassik və modern dövrdə” mövzusudur.

Ensiklopediya məqaləsində Firəngiz Nəsirovanın çap olunmuş əsərləri haqqında da məlumat verilir:

“Hüquqlarımızın tələbi”. Tərcümə, 2 cilddə, 1997, Qlobal Bacılıq İnstitutunun (Washington D.C.) sifarişi ilə; Azərbaycan dilini öyrənən xaricilər üçün “Azərbaycan dili” dərsliyi (Hamlet İsaxanlı ilə birgə), Bakı, 2000; “Poetik tərcümə toplusu”. (Hamlet İsaxanlı ilə birgə). I cild, Xəzər Universiteti nəşriyyatı, 2005; “Yaşamağa nə var ki?”. Poetik tərcümələr və esselər. Xəzər Universiteti nəşriyyatı, 2018.

khazar.org