29 iyun-4 iyul
Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor, akademik Hamlet İsaxanlı Pekin Xarici Dillər Universitetinin rektoru ilə görüşmüşdür
Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor, akademik Hamlet İsaxanlı Çində iştirak etdiyi Dünya Çinşünaslar Konfransı və Üçüncü Sivilizasiyalararası Dialoq Konfransı çərçivəsində Pekin Xarici Dillər Universitetinin (PXDU) rektoru professor Yanq Dan ilə görüşmüşdür. Görüş zamanı iki ali təhsil ocağı arasında cari ilin may ayında imzalanmış anlaşma memorandumundan irəli gələn məsələlər, əməkdaşlığın perspektivləri müzakirə edilmiş, müntəzəm qarşılıqlı səfərlərin təşkil olunmasının vacibliyi vurğulanmışdır. Hamlet İsaxanlı uyğun vaxtda PXDU-nin rektoru Yanq Danı Xəzər Universitetinə səfərə dəvət etmişdir. Dəvət məmnuniyyətlə qəbul olunmuşdur.
Qeyd edək ki, Xəzər Universiteti və PXDU arasında bir neçə ildir ki, təhsil və elmi əməkdaşlıq formalaşmışdır. PXDU-nun Azərbaycan dili ixtisasını bitirmiş iki tələbəsi hazırda PXDU-nin pedaqoji kadr layihəsi çərçivəsində Xəzər Universitetində Azərbaycan dili ixtisası üzrə magistr pilləsində təhsil alır. Bundan başqa, Hamlet İsaxanlı PXDU-nin təşəbbüsü ilə 2022-ci ilin aprel ayında təşkil olunan “Ölkə və Regionşünas Alimlər Alyansı” konfransında iştirak etmiş, azərbaycanlı alim kimi alyansın üzvü seçilmişdir. Qeyd edək ki, hazırda PXDU-nun regionşünaslıq ixtisası üzrə təhsil alan magistrantlarının Xəzər Universitetində qısamüddətli təlim keçmələri də nəzərdə tutulur.
Çin Təhsil Nazirliyinin qərarı ilə 2015-ci ildə PXDU-da Azərbaycan dili ixtisası təşkil olunmuş, 2018-ci ildə ilk qəbul həyata keçirilmişdir. Universitetin Azərbaycan dili ixtisasının yaradıcısı və hazırda Azərbaycan dili kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru Aqşin Əliyev, eyni zamanda, Xəzər Universiteti Çin Tədqiqatlar Mərkəzinin direktoru kimi də fəaliyyət göstərir. PXDU və Xəzər Universiteti arasında uzunmüddətli və daimi tələbə mübadiləsinin həyata keçirilməsi hər iki universitetin əsas hədəflərindəndir.