2023-cü il iyunun 16-da Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialında Quba Rayon İcra Hakimiyyəti, Xəzər Universiteti Tarix və arxeologiya departamenti, MÜSİAD Azərbaycan (Müstəqil Sənayeçi və İş Adamları Dərnəyi) və ADPU Quba filialının birgə təşkilatçılığı ilə Türkiyə Cümhuriyyətinin yaradılmasının 100 illiyinə və Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş beynəlxalq simpozium keçirilib.

Tədbir Ulu Öndər Heydər Əliyevin Quba şəhərindəki abidəsi və Azərbaycan-Türkiyə qardaşlıq parkının ziyarət olunması ilə başlamış, ADPU Quba filialında davam etmişdir.

Simpoziumda Quba Rayon İcra Hakimiyyəti aparatının məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, təşkilatçı qurumların, ictimai təşkilatların rəhbərləri, şəhid ailələri, ADPU-nun və Xəzər universitetinin nümayəndə heyəti, mədəniyyət işçiləri, gənclər və tələbələr iştirak etmişlər.

Türkiyə Cümhuriyyətinin və Azərbaycan Respublikasının Dövlət himnlərinin səsləndirilməsi ilə açıq elan edilən simpoziumun əvvəlində Qazi Mustafa Kamal Atatürkün, Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad olunub.

Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor, akademik Hamlet İsaxanlı, Humanitar, təhsil və sosial elmlər fakültəsinin dekanı Dos. Elza Səmədli, Tarix və arxeologiya departamentinin müdiri Dr. Telman Nüsrətoğlu, Siyasi elmlər və beynəlxalq münasibətlər departamentinin müdiri Dr. Orxan Vəliyev, Tarix və arxeologiya departamentinin müəllimləri Dr. Rüxsarə Quliyeva və Dr. Söhrab Mustafayev müxtəlif mövzularda çıxış etdilər. Digər təşkilatçı qurumların nümayəndələri də, o cümlədən ADPU-nun Elm və innovasiyalar üzrə prorektoru Prof. Asəf Zamanov, ADPU Quba filialının direktoru Dos. Yusif Alıyev, Türkiyə Respublikasının Azərbaycandakı mədəniyyət müşaviri Prof. Muhittin Macid, İstanbul Universitetinin müəllimi Prof. Mehmet Ölmez, MÜSİAD Azərbaycan-ın başqanı Rəşad Cabirli, Beynəlxalq münasibətlərin təhlili mərkəzinin şöbə müdiri Dr. Cavid Vəliyev, ADPU Quba filialının Keyfiyyətin Təminatı şöbəsinin müdiri Dr. Pərvanə Rzayeva, Tarix, pedaqogika və sosial elmlər kafedrasının müdiri Dos. Elnur Nəsirov, kafedranın baş müəllimi Dr. Təhminə Əliyeva, kafedranın baş müəllimi Dr. Novruz Kərimov çıxış etdilər.

Simpoziumun əsas istiqamətləri Türkiyə ilə Azərbaycan arasındakı münasibətlər və Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin fəaliyyəti olmuşdur.

Simpoziumdan sonra iştirakçılar üçün Quba rayonunda gəzinti təşkil edilmişdir.

khazar.org