2023-cü il iyunun 1-2-də Xəzər Universitetində 3-cü Beynəlxalq Vahid Sağlamlıq Konfransı keçirildi.

Konfrans Planetary Health Alliance (PHA) konsorsiumunun üzvü olaraq Xəzər Universitetinin təşkilatçılığı, habelə Azərbaycan Tibb Universiteti, Vəli Axundov adına Azərbaycan Milli Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi, İsveç Kənd Təsərrüfatı Elmləri Universitetinin (SLU) Molekulyar elmlər departamentinin Heyvan Rifahı Mərkəzi, Ukrayna Milli Həyat və Ətraf Mühit Elmləri Universitetinin Heyvandarlıq və Su Bioresursları fakültəsi və Ukraynanın Poltava Dövlət Aqrar Universitetinin həmtəşkilatçılığı ilə təşkil edilmişdir.

Konfrans planetimizdə müharibələr, təbii fəlakətlər və aclıq qurbanı olmuş uşaqların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlamışdır. Sonra universitetin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor, akademik Hamlet İsaxanlı və universitetin rektoru, konfransın sədri dosent İradə Xəlilova salamlama nitqi ilə konfransın açılışını etdilər. Daha sonra Planetary Health Alliance (PHA) konsorsiumunun konfrans üçün göndərdiyi salamlama videosu konfrans iştirakçılarına təqdim edildi.

Konfransın İqlim dəyişilmələri, Sağlamlıq və Qida təhlükəsizliyi sessiyası konfransın sədri dosent İradə Xəlilovanın və Dr. David Dyjack`ın moderatorluğu ilə aparıldı. Sessiyada Planetary Health Alliance (PHA) konsorsiumundan Dr. David T. Dyjack, Xəzər Universitetinin Coğrafiya və ətraf mühit departamentinin müdiri Rövşən Abbasov, İsveç Kənd Təsərrüfatı Elmləri Universitetinin dosenti Qalia Zamaratskaia, Çinin Şenzen Universitetinin professoru Xingzhi (Xavier) Xu əsas məruzəçilər, habelə Ukrayna, Tacikistan, Türkiyə, Çin və Azərbaycandan olan digər məruzəçilər çıxış etdilər. Sessiyanın sonunda Şenzen Universitetinin və Springer Nature əməkdaşları tərəfindən iki vorkşop məruzəsi edildi.

Konfransın ikinci günündə Texas at Taylor Universitetinin professoru Əli Azqani`nin və konfransın sədri İradə Xəlilovanın moderatorluğu ilə İctimai səhiyyə, xəstəliklərin kontrolu və qarşısının alınması strategiyaları sessiyası baş tutdu. Sessiyada əsas məruzəçi kimi Çinin Shanghai Universitetinin Pan-SHU Sci-Tech Parkının baş direktor müavini professor Lu Xiaolin, Shenzhen Universitetinin tibb fakültəsinin dekanı professor Xingzhi (Xavier) Xu və müavini professor Xinchun Chen, Fudan Universitetinə bağlı Minhang Hospitalının İntensiv Terapiya departamentinin direktor müavini professor Lu Xiaolin, Texas at Taylor Universitetinin professoru Əli Azqani və Çinin Fudan Universitetinin professoru Jiang Lijing məruzə etdilər. Daha sonra Türkiyə, Qazaxıstan, Amerika Birləşmiş Ştatları və Azərbaycandan olan tədqiqatçıların məruzələri dinlənildi.

Konfransda yuxarıda adları sadalanan ölkələrdən 80-dən çox tədqiqatçı dinləyici kimi iştirak etdi. İki günlük konfransda ümumilikdə 34 təqdimat baş tutdu, 50-yə qədər məruzə xülasəsi təqdim olundu.

Konfransın sonunda Çinin Shenzhen Universitetinin Tibb fakültəsinin dekanı professor Xingzhi (Xavier) Xu öz universiteti haqqında məlumat verərək, Shenzhen Universitetinin Tibb fakültəsinə tam təqaüdlə biologiya ixtisası üzrə doktoranturaya qəbul olmuş Xəzər Universitetinin 4 bakalavr tələbəsini elan etdi və mükafatlandırma mərasimi baş tutdu. Sonda Çinin Shenzhen Universitetinin Tibb fakültəsi ilə Xəzər Universiteti arasında əməkdaşlığın müxtəlif istiqamətləri üzrə müqavilə imzalandı.

Konfransın keçirilməsinə Azərbaycanda laboratoriyaların qurulması və treyninq xidmətlərinin verilməsində qabaqcıllardan olan Bayramlı Group LLC tərəfindən sponsorluq edilmişdir.

khazar.org