2023-cü il iyunun 13-də Xəzər Universitetinin Mərkəz kampusunda ənənəvi “Elm və Sənət Məclisi”nin 79-ci məşğələsi keçirildi. Məşğələni giriş sözü ilə Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri, professor, akademik Hamlet İsaxanlı açaraq, Türkiyədən dəvət olunmuş İstanbul Universiteti Ədəbiyyat fakültəsinin Çağdaş türk ləhcələri və ədəbiyyatları kafedrasının professoru Mehmet Ölmez və onun elmi fəaliyyəti haqqında məlumat verdi. Sonra prof. Mehmet Ölmez “Göytürk-Uyğur-Qaraxanlı dövrü türkcə əsərlər” mövzusunda geniş məruzə etdi.

Professor Mehmet Ölmez bu mövzu ilə əlaqədar dünyanın müxtəlif ölkələrində apardığı elmi tədqiqat işləri haqqında danışdı. Sonra məşğələ məruzə ətrafında müzakirələrlə davam etdirildi. Müzakirələrdə Hamlet İsaxanlı, Elza Səmədova, Əlövsət Əmirbəyli, Zivər Hüseynli-Baylan, Fəridə Tatardar (Xəzər Universiteti), Zəminə Rüstəmbəyli (Avrasiya Universiteti), Güllü Yoloğlu ( AMEA-nın Folklorşünaslıq İnstitutu), Şahin Fazil (AMEA-nın Tarix İnstitutu), İmamverdi Əmirov (AMEA-nın Ədəbiyyat İnstitutu və digər şəxslər çıxış etdilər.

Sonda Hamlet İsaxanlı maraqlı məruzəyə görə Mehmet Ölmeze və iştirakçılara təşəkkür etdi və bildirdi ki, bu məşğələ “Elm və Sənət Məclisi”nin tarixində ən uzun sürən (3 saat) məşğələ oldu.

khazar.org