2022-ci il noyabrın 27-də Xəzər Universitetinin Neftçilər kampusunda “Gələcəyini Qur!” Gəncliyə Dəstək Layihəsinin elm və məsuliyyət dəyərlərinə həsr olunmuş tədbiri baş tutdu.
Tədbir universitetin rektoru İradə Xəlilovanın çıxışı və universitet haqqında təqdimat ilə başladı. Xəzər Universitetində təhsil alan “Gələcəyini Qur!” layihəsinin məzunları abituriyentlərlə universitet və tələbəlik həyatı haqqında öz təəssüratlarını bölüşdülər.
Tədbir Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri, professor, akademik Hamlet İsaxanlının çıxışı ilə davam etdi. O, Xəzər Universitetinin qurulmasından, elmin insan həyatında rolundan və hər insanın vətəni qarşısında olan məsuliyyətindən söz açdı və layihənin kitabxanasına müəllifi olduğu bir neçə kitab hədiyyə etdi.
Tədbirdə spiker qismində, həmçinin təlimçi və yazıçı Coşqun Kərimov və insan resursları üzrə mütəxəssis Xəqani Səfərov çıxış etdilər. İştirakçılar üçün universitet turu təşkil olundu.
2014-cü ildən Elm və Təhsil Nazirliyinin dəstəyi və bir sıra şirkətlərin sponsorluğu ilə fəaliyyət göstərən “Gələcəyini Qur!” Gəncliyə Dəstək Layihəsinin əsas məqsədi gənclərin ali təhsilə yiyələnməsinə dəstək, töhfə vermək və bununla Azərbaycan cəmiyyətinə yüksək intellekt və etik dəyərlərə malik sağlam düşüncəli gənclər qazandırmaqdır. Layihə haqqında ətraflı məlumat www.geleceyiniqur.az veb-saytından əldə oluna bilər.