2022-ci il noyabrın 11-də JW Marriott Abşeron hotelində Nailəxanım Fondunun təsis etdiyi Nailəxanım təqaüdünün təqdimatı keçirildi, 2022-2025-ci illər arasında Xəzər Universitetində təhsil almaq üçün Fond tərəfindən seçilən xanım tələbələr mükafatlandırıldı.

Tədbirdə Xəzər Universiteti və “Dünya” məktəbinin rəhbərliyi, fakültə dekanları və departament müdirləri, ölkənin görkəmli elm və mədəniyyət xadimləri, Azərbaycan Təhsi Nazirliyinin, ali təhsil müəssisələri və QHT nümayəndələri, BMT-nin Azərbaycandakı nümayəndəliklərinin təmsilçiləri, İndoneziyanın Azərbaycandakı səfirliyi və dlgər səfirliklərin əməkdaşları iştirak edirdilər.

Tədbirin açılış hissəsində Xəzər Universitetinin rektoru dosent İradə Xəlilova, Xəzər Universiteti Direktorlar və Qəyyumlar Şurasının üzvü Aygün Gardiner, Təhsi Nazirliyinin Xaricdə təhsil və beynəlxalq tələbələrlə iş şöbəsinin müdiri Müjdat Həsənov və BMT-nin Azərbaycan Respublikasındakı rezident əlaqələndiricisi Vladanka Andreyeva çıxış edərək, xarici xanım vətəndaşlar üçün Nailəxanım təqaüdünün təsis edilməsinin əhəmiyyətindən danışdılar, Azərbaycanla xarici ölkələr arasında təhsil sahəsində daha bur əlaqə vasitəsi olduğunu vurğuladılar.

Nailəxanım İsayevanın həyat və fəaliyyətinə həsr olunmuş videofilm nümayiş etdirildi, Xəzər Universiteti Kamera orkestrinin (bədii rəhbər universitetin Musiqi və incəsənət departamentinin müdiri, əməkdar müəllim, pianoçu Zülfiyyə Sadıqova) müşayiəti ilə Nailəxanım İsayevanın Hamlet İsaxanlının sözlərinə bəstələdiyi “Dünyam” mahnısı universitetin və “Dünya” məktəbinin birləşmiş xoru tərəfindən universitetin müəllimi Məhsəti Cabbarovanın dirijorluğu ilə ifa olundu.

Sonra Aygün Gardiner`in moderatorluğu ilə “Qadınların səlahiyyətlərinin artırılmasında ali təhsilin rolu: çağırışlar və imkanlar” mövzusunda panel müzakirəsi keçirildi. Müzakirədə BMT-nin Uşaq Fondunun (UNICEF) Azərbaycandakı nümayəndəsinin müavini William abi Abdallah, Bakı Slavyan Universitetinin Azərbaycan ədəbiyyatı kafedrasının müdiri Rahilya Qeybullayeva, ADA Universitetinin Akademik işlər üzrə prorektoru Vəfa Kazdal və Azərbaycan Qadınları Elmdə Gənclər Təşkilatının təsisçisi və direktoru Günel Ağabəyli iştirak etdilər.

Sonra mükafatların təqdimatı oldu. İtaliya vətəndaşı Klaudia Parasso`ya (Beynəlxalq əlaqələr üzrə doktorantura təhsili) və İndoneziya vətəndaşı Brilliyant Windy Khairunnisa`ya (Beynəlxalq əlaqələr və diplomatiya üzrə magistr təhsili) mükafatları Xəzər Univesitetinin təsəsçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor, akademik Hamlet İsaxanlı, BMT-nin Azərbaycan Respublikasındakı rezident əlaqələndiricisi Vladanka Andreyeva və İndoneziyanın Azərbaycandakı səfirliyinin birinci katibi İndra Agustini təqdim etdilər. Təqaüdçü tələbələr Nailəxanım fonduna minnətdarlıqlarını bildirdilər.

Qeyd edək ki, görkəmli pedaqoq, təhsil təşkilatçısı, “Dünya” məktəbinin yaradıcısı və qurucusu Nailəxanım İsayevanın xatirəsinə təsis edilən Nailəxanım Fondunun təqaüdü ikinci dəfə təqdim olundu. İlk təqdimat 2021-ci ilin noyabr ayında əfqanıstanlı tələbə Bibi Raihan Hamidi`yə mükafatın təqdim olunması ilə Xəzər universitetində keçirilmişdi.

khazar.org