2022-ci il oktyabrın 26-da Xəzər Universitetində Elm və Təhsil Nazirliyinin Mikrobiologiya İnstitutu və Torpaqşünaslıq və Aqrokimya İnstitutu ilə Xəzər Universiteti arasında elmi-tədqiqat və pedaqoji sahələrdə birgə fəaliyyət barədə əməkdaşlıq müqaviləsi imzalanmışdır.
Tədbirdə Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor, akademik Hamlet İsaxanlı, universitetin rektoru dosent İradə Xəlilova, Torpaqşünaslıq və Aqrokimya İnstitutunun baş direktoru, professor, AMEA-nın müxbir üzvü Əlövsət Quliyev, Mikrobiologiya İnstitutunun baş direktoru, professor, AMEA-nın müxbir üzvü Pənah Muradov və digər əməkdaşlar iştirak etmişlər.
Müasir dövrdə elm və təhsilin qarşılıqlı əlaqələrini özündə ehtiva edən müqavilədə əsas məqsəd institutların alim və mütəxəssisləri ilə universitetin alim, müəllim və tələbə heyətləri arasında elmin və təhsilin təkmilləşdirilməsini, qarşılıqlı əlaqə və əməkdaşlığın inkişaf etdirilməsini dəstəkləmək, elmlə təhsilin müasir vəhdət modelini yaratmaqdır.
Müqavilənin ümumi müddəalarında təhsilin müxtəlif sahələrinin innovativ inkişafı məqsədilə institutların və universitetin mütəxəssisləri tərəfindən mütəmadi dəyirmi masaların təşkil edilməsi nəzərdə tutulur. Həmçinin, elmi əsaslandırılmış təkliflərin hazırlanması və müvafiq dövlət qurumları qarşısında vəsatətin qaldırılması planlaşdırılır.
Sənəddə, eləcə də, yeni dərslik və dərs vəsaitlərinə dair təkliflərin verilməsi və çapa hazırlanması, institutların laboratoriyalarında Xəzər Universitetinin professor-müəllim heyətinin və tələbələrinin institutların alimləri ilə birgə ekologiya, geologiya və geofizika elmlərinin müasir sahələri üzrə elmi-tədqiqat işlərinin aparılması nəzərdə tutulur.
Müqavilədə, həmçinin, elmi-tədqiqat proqramlarının, layihələrinin hazırlanmasına və qarşılıqlı maraq doğuran digər elmi fəaliyyətlərin həyata keçirilməsinə diqqət yetirilir.