2022-ci il oktyabrın 25-də Xəzər Universitetinin Mərmər zalında Vurğun Əyyubun 65 illiyi və “Ədəbi həyat” kitabının təqdimatı ilə əlaqədar xatirə tədbiri keçirildi.
Vurğun Əyyubun Azərbaycan ədəbiyyatına dair müxtəlif məqalə və araşdırmalardan, şeir və hekayə təhlillərindən ibarət olan kitabı, əslində, ali məktəblərin filologiya və Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisaslarında təhsil alan tələbələr üçün dərs vəsaiti qədər əhəmiyyətli bir əsərdir. Kitabda Məhəmməd Hadi, Abdulla Şaiq, Abbas Səhhət, Mirzə Ələkbər Sabir, Hüseyn Cavid, Cəfər Cabbarlı, Səməd Mənsur, Məmməd Araz kimi şairlərin müxtəlif şeirlərinin təhlili ilə yanaşı, hekayə təhlilləri, ədəbi proses və tənqid, rezensiyalar adlı fəsillər də mövcuddur.
Tədbiri Humanitar, təhsil və sosial elmlər fakültəsinin dekanı dosent Elza Səmədli açdı. O, Vurğun Əyyubun ölməz xatirəsinin onu tanıyanların qəlbində daim yaşayacağını vurğuladı. Sonra Vurğun Əyyubun həyat və yaradıcılığını əks etdirən videoçarx nümayiş olundu. Ardınca isə tələbələr Vurğun Əyyubun heç yerdə nəşr etdirmədiyi şeirlərindən nümunələr səsləndirdilər.
Kitabın təqdimatını “Ədəbi həyat” kitabının hazırlanmasında böyük əməyi olan Əli Şamil və professor Bədirxan Əhmədov etdilər. Kitabın tərtibatı Vurğun Əyyubun tələbəsi, Xəzər Universitetinin məzunu Nizami Əlisoya aiddir. Tədbirin davamında Dillər və ədəbiyyatlar departamentinin dosenti Xatirə Yusifova “Ədəbi həyat” kitabında yer alan şeir təhlillərindən birini – Cəfər Cabbarlının “Azərbaycan Bayrağına” şeirinin təhlilini iştirakçılara təqdim etdi. Sonra “Ədəbi həyat” kitabında Vurğun Əyyubun haqqında bəhs etdiyi tənqidçi İradə Musayeva, yazıçılar – Nəriman Əbdülrəhmanlı və Fəxri Uğurlu kürsüyə dəvət olundular. Onlar da Vurğun Əyyub haqqında xatirələrini bölüşüb, tədbirin təşkilatçılarına təşəkkürlərini bildirdilər.
Tədbirdə Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor, akademik Hamlet İsaxanlı çıxış edərək Vurğun Əyyubun elmi və pedaqoji fəaliyyətindəki peşəkarlığını yüksək qiymətləndirdi. Tədbirdə iştirak edən Vurğun Əyyubun həyat yoldaşı Sima Əyyubova və qızı Ləman Vurğun tədbirin təşkilatçılığı üçün Xəzər Universiteti rəhbərliyinə təşəkkür etdilər.
Tədbirdə Vurğun Əyyubun şəxsi əşyaları, fotoları və sənədlərdən ibarət şəxsi kolleksiyası Milli Azərbaycan Tarixi Müzeyinin fondunda saxlanılmaq üçün ailəsi tərəfindən müzey əməkdaşı Nüşabə Əsədliyə təqdim edildi.