Xəbər verdiyimiz kimi, oktyabrın 7-də Nailəxanım Muzeyində ölkənin müzey rəhbərləri, tanınmış şəxsləri və ziyalıların iştirakı ilə “Muzeydə bir gün” adlı tədbir keçirilmişdir. Azərbaycanın görkəmli tarixçi alimi, şairi Şahin Fazilin həmin günün təəssüratı ilə qələmə aldığı şeiri təqdim edirik. 

 

 

Şahin Fazil 

Qəzəl 

Bu gün “Dünya” Məktəbində 

pedaqoq, maarifçi və bəstəkar 

Nailəxanım İsayevanın şərəfinə təsis 

olunmuş muzeyə dəvət olundum. Bu  

istedadlı xanım dünya şöhrətli alim, 

professor Hamlet İsaxanlının ömür- 

gün yoldaşı idi… 

 

Həzzi elə yan eylədi Hamlet İsaxanlı, 

Sanmam ki, ziyan eylədi Hamlet İsaxanlı. 

 

Ömrün elə xoş mövcümü var idi, yoxaldı, 

Əhvalı xəzan eylədi Hamlet İsaxanlı. 

 

Nail ola bilmişdi sədaqət dolu eşqə, 

Könlü nigəran eylədi Hamlet İsaxanlı. 

 

Sevdası ki, məhrəmdir ona, yazdı qələmlə, 

Dəftərdə bəyan eylədi Hamlet İsaxanlı. 

 

“Cismani vüsal istəyi yoxdur – dedi – canda” 

Vəsli qadağan eylədi Hamlet İsaxanlı. 

 

Yar itkisini yarı olan kəs hələ bilməz, 

Qəlbində nihan eylədi Hamlet İsaxanlı. 

 

Göz yaşını gizlətsə də mərdanəlik ilə, 

Pünhani fəğan eylədi Hamlet İsaxanlı. 

 

Dil dillənə bilmişsə də, əhvalını şövqlə 

Şerində əyan eylədi Hamlet İsaxanlı. 

 

Yaxşı günü vardı, ayı vardı, ili vardı, 

Xoş halı yaman eylədi Hamlet İsaxanlı. 

 

Hardan yığışıb gəldi bu hicran belə? Hicri 

Hey gülləbaran eylədi Hamlet İsaxanlı. 

 

Nöqsansız adam yox bu cahan içrə, İlahi, 

Nöqsanı haçan eylədi Hamlet İsaxanlı? 

 

Şahin, bu qəzəldə yazılan sətri de bir də: 

Könlü nigəran eylədi Hamlet İsaxanlı. 

 

7 oktyabr 2022 

khazar.org