2022-ci il oktyabrın 7-də Elm və Təhsil Nazirliyinin Geologiya və Geofizika İnstitutunda bu elmi müəssisənin baş direktoru akademik Akif Əlizadə və Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor, akademik Hamlet İsaxanlı elmi-tədqiqat və pedaqoji sahələrdə birgə fəaliyyət barədə əməkdaşlıq müqaviləsi imzalayıblar.

Müasir dövrdə elm və təhsilin qarşılıqlı əlaqələrini özündə ehtiva edən müqavilədə əsas məqsəd institutun alim və mütəxəssisləri ilə universitetin alim, müəllim və tələbə heyətləri arasında elmin və təhsilin təkmilləşdirilməsini, qarşılıqlı əlaqə və əməkdaşlığın inkişaf etdirilməsini dəstəkləmək, elmlə təhsilin müasir vəhdət modelini yaratmaqdır.

Müqavilənin ümumi müddəalarında Yer elmləri və təhsilin müxtəlif sahələrinin innovativ inkişafı məqsədilə institut və universitetin mütəxəssisləri tərəfindən mütəmadi dəyirmi masaların təşkil edilməsi nəzərdə tutulur. Həmçinin elmi əsaslandırılmış təkliflərin hazırlanması və müvafiq dövlət qurumları qarşısında vəsatətin qaldırılması planlaşdırılır.

Sənəddə, eləcə də yeni dərslik və dərs vəsaitlərinə dair təkliflərin verilməsi və çapa hazırlanması, Geologiya və Geofizika İnstitutunun laboratoriyalarında Xəzər Universitetinin professor-müəllim heyətinin və tələbələrinin institutunun alimləri ilə birgə ekologiya, geologiya və geofizika elmlərinin müasir sahələri üzrə elmi-tədqiqat işlərinin aparılması nəzərdə tutulur.

Müqavilədə, həmçinin elmi-tədqiqat proqramlarının, layihələrinin hazırlanmasına və qarşılıqlı maraq doğuran digər elmi fəaliyyətlərin həyata keçirilməsinə diqqət yetirilir.

AZƏRTAC tədbir haqqında xəbər yayımlayıb:

https://azertag.az/xeber/Geologiya_ve_Geofizika_Institutu_ile_Xezer_
Universiteti_arasinda_emekdasliq_muqavilesi_imzalanib-2324564 

khazar.org