2021-ci ilin Azərbaycanda “Nizami Gəncəvi ili” elan edilməsi çərçivəsində Xəzər Universitetinin Dillər və ədəbiyyatlar departamenti Nizami yaradıcılığına həsr olunmuş “Nizami Gəncəvi-880” adlı layihə həyata keçirməkdədir.
2021-ci il mayın 22-də Türk ədəbiyyatşünası, eyni zamanda Türk Dünyasının tanınmış siması prof. dr. Mustafa İsenin iştirakı ilə “Türk Dünyası edebiyatında Nizamî etkisi” mövzusunda virtual elmi seminar keçirilmişdir. Elmi seminarı giriş sözü ilə açan Dillər və ədəbiyyatlar departamentinin müdiri dosent Dilbər Zeynalova tədbir iştirakçılarını salamlayaraq, qonaq haqqında məlumat vermişdir. Müstafa İsen ədəbiyyatşünas alim olmaqla yanaşı, həm də dövlət adamıdır. Belə ki, bir dönəm Türkiyə Prezidenti Adminstrasiyasının rəhbəri vəzifəsini icra etmiş, Mədəniyyət Nazirliyində mühüm vəzifələr tutmuşdur. Qeyd olunmuşdur ki, Prof.dr. Mustafa İsen Divan ədəbiyyatının ən fədakar araşdırmaçılarındandır. Alimin “Sultanların şeirləri, şeirlərin sultanları” adlı kitabı 2014-ci ildə “Qanun” nəşriyyatı tərəfindən Azərbaycanda nəşr edilmişdir. Kitabda bir çox Türk hökmdar şairlərlə birlikdə 5 Azərbaycan hökmdarına aid məlumat və onların şeirlərindən nümunələr yer almışdır. Alim Türkiyədə bir çox layihələrə də rəhbərlik etmiş, “Türk Edebiyatı İsimler Sözlüğü” adlı nəhəng bir layihənin həyata keçirilməsinə nail olmuşdur.
“Türk Dünyası edebiyatında Nizamî etkisi” adlı məruzə ilə çıxış edən prof.dr. Mustafa İsen Nizaminin dövrü, yaradıcılığı, əsərlərininin bədii dili mövzularına dair mülahizələrini dilə gətirmiş, həmçinin şairin müasirləri və özündən sonrakı ədəbi zümrə üzərindəki təsirlərindən geniş danışmışdır. Mühazirəsində Nizaminin Türk Dünyası ədəbiyyatındakı roluna diqqət çəkərək Orta Asiya türk şairləri, həmçinin Anadolu sahəsinə aid şairlər üzərindəki təsirinin səbəblərini şərh etmişdir.
Seminarda Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı, universitetin rektoru dosent İradə Xəlilova, Humanitar, təhsil və sosial elmlər fakültəsinin dekanı dosent Elza Səmədova qonağı və iştirakçıları salamlayaraq, tədbir haqqında ürək sözlərini dilə gətirmişlər. Professor Hamlet İsaxanlı Nizami irsinin yenidən araşdırılmasının, onun əsərlərinin filoloji tərcüməsinə bir daha baxılmasının aktuallığından bəhs etmişdir.
Elmi seminara Xəzər Universitetinin əməkdaşları və tələbələri ilə yanaşı, Azərbaycan Milli Elmlər Akademiyasından, Türkiyədən, Almaniyadan mütəxəssislər qoşulmuşlar. Kastamonu Universitetinin professoru Vüsalə Musalı, Xəzər Universitetinin əməkdaşları dosent Xatirə Yusifova və Dr. Zəminə Ziyayeva da çıxış etmişlər.
Sonda prof.dr. Mustafa İsen seminar iştirkaçılarının mövzu ilə bağlı suallarını cavablandlrmış, tədbirin təşkilatçılarına təşəkkür etmişdir.