2021-ci il aprel ayının 30-da AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Xəzər Universitetinin İdarəetmə və tələbə işləri üzrə prorektoru İsaxan İsaxanlının “Serqey Yesenin yaradıcılığı Azərbaycan və Şərq ədəbi-bədii kontekstində” mövzusunda doktorluq dissertasiyasının müdafiəsi keçirildi. İsaxan İsaxanlı öz çıxışında bu müdafiəni Nailəxanım İsayevanın əziz xatirəsinə həsr etdiyini bildirdi: “Mən bu müdafiəni bu günü ən azı mənim qədər gözləyən, uşaqlıq illərimdən başlayaraq, tələbəlik illərim də daxil olmaqla həmişə mənə sözün əsl mənasında analıq etmiş, qardaşım Hamlet İsaxanlının bu günlərdə dünyasını dəyişmiş həyat yoldaşı Nailəxanım İsayevanın əziz xatirəsinə həsr edirəm. Ruhu şad, məkanı cənnət olsun!”.

İsaxan İsaxanlı dissertasiyanın məzmunu, elmi yenilikləri ilə bağlı qısa məlumat verdikdən sonra elmi məsləhətçi akademik İsa Həbibbəyli, opponentlər akademik Nizami Cəfərov, professor Bədirxan Əhmədov, professor Rafiq Novruzov və rusiyalı yeseninşünas professor Serqey Nikolayeviç Pyatkin çıxış edərək, dissertasiyanın dəyərindən söhbət açdılar, onun yalnız Azərbaycan elminə deyil, Rusiya yeseninşünaslığına qiymətli bir töhfə olduğunu vurğuladılar.

Bundan sonra şura üzvləri iddiaçıya çoxsaylı maraqlı suallarla müraciət etdilər. İddiaçının suallara verdiyi inamlı, dolğun, eyni zamanda lakonik cavabları şura üzvləri tərəfindən maraqla və rəğbətlə qarşılandı. Sonra şura üzvlərindən professor Vüqar Əhməd, professor Telman Cəfərov, professor Flora Nacıyeva, professor Bella Musayeva, professor Fikrət Rzayev və başqaları çıxış edərək, dissertasiya işi və onun müəllifi haqqında xoş sözlərini və düşüncələrini bildirdilər.

Dissertasiya və avtoreferata əlavə rəy vermiş mütəxəssislər arasında Azərbaycanın tanınmış tədqiqatçı-alimləri ilə yanaşı, Rusiya Elmlər Akademiyasının M.Qorki adına Ədəbiyyat İnstitutu nəzdində fəaliyyət göstərən “Yesenin qrupu”nun rəhbəri, “Yesenin ensiklopediyası”nın baş redaktoru, nüfuzlu yeseninşünas professor Nataliya İqorevna Şubnikova-Quseva və Fransanın Kan-Normandiya universitetinin professoru (Professor emeritus), yeseninşünas Mişel Nike`nin də müsbət rəyi vardı.

Səsvermə nəticəsində Dissertasiya Şurasının yekdil qərarı ilə İsaxan İsaxanlının filologiya elmləri doktoru elmi dərəcəsi almağa tam layiq olduğu qeyd edildi.

Sonda İsaxan İsaxanlı müdafiə prosesində əməyi keçən hər kəsə səmimi minnətdarlığını bildirdi.

Qeyd edək ki, Xəzər Universitetinin əməkdaşları bu müdafiə prosesini universitetdə xüsusi quraşdırılmış ekranda böyük həvəs və maraqla izlədilər.

İsaxan müəllimi təbrik edir, yeni-yeni uğurlar arzulayırıq!

khazar.org