2021-ci il martın 12-də Mövlana Ədəbi-Fəlsəfi Araşdırmalar Mərkəzi (MƏFAM) Mövlana Cəlaləddin Ruminin fəlsəfəsi və poeziyasına həsr olunmuş beynəlxalq konfrans keçirdi. Konfrans Dr. Rüstəm Lazımovun əsas moderatorluğu ilə onlayn şəkildə Microsoft Teams proqramı vasitəsilə baş tutdu.
Tədbirin açılışında Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı, universitetin rektoru dosent İradə Xəlilova və NAB Holdinq`in prezidenti Şahram Oromi çıxış etdilər. H. İsaxanlı beynəlxalq konfransın əhəmiyyətini yüksək dəyərləndirərək, Mövlana yaradıcılığı ilə bağlı gələcək araşdırmalar üçün təkan olacağını vurğuladı. İ. Xəlilova MƏFAM-ın missiyalarından söz açaraq, konfransla bağlı diləklərini çatdırdı. Ş.Oromi Mövlana Cəlaləddin Rumi yaradıcılğının fəlsəfi və ədəbi cəhətdən araşdırılmasının önəmindən danışdı.
Açılışdan sonra MƏFAM`ın təqdimat videosu nümayiş etdirildi. Qeyd edək ki, MƏFAM 19 noyabr 2019-cu ildə Xəzər Universitetinin nəzdində fəaliyyətə başlamışdır. MƏFAM`ın təşkilatçısı Xəzər Universiteti, himayəçisi NAB Holdinq`dir. Mərkəzin yaradılmasında əsas məqsəd Mövlana Cəlaləddin Ruminin Azərbaycan ictimaiyyətinə müvafiq şəkildə təqdim edilməsi, onun fəlsəfə, ədəbiyyat və digər fəaliyyət sahələri ilə bağlı araşdırmaların aparılması, ölkə daxilində və onun hüdudlarından kənarda yerləşən universitetlər, institutlar, kitabxanalar, təhsil mərkəzləri və ədəbi araşdırma mərkəzləri arasında əməkdaşlıq yaradılmasıdır.
Daha sonra söz konfransın məruzəçilərinə verildi. Beynəlxalq konfransın əsas məruzəçilərindən biri İran azərbaycanlılarından olan şair, yazıçı, tərcüməçi və Azərbaycan ədəbiyyatınin tədqiqatçısı Heydər Abbasi idi. Xatırladaq ki, Mövlana Cəlaləddin Ruminin “Məsnəvi” əsərini Azərbaycan dilinə ilk dəfə marağalı şair Heydər Abbasi mənzum tərcümə etmişdir.
Bilecik Şeyh Edebali Universiteti (Türkiyə) Fənn Ədəbiyyat Fakültəsinin Türk Dili ve Ədəbiyyatı Bölümünün başqanı professor Cihan Özdemir konfransın qonaqlarından idi. O, konfransla bağlı arzularını video vasitəsilə çatdırdı.
“Mövlananın Fəlsəfəsi və Poeziyası” adlı beynəlxalq konfransa dünyanın bir çox ölkələrindən 100-ə yaxın xülasə göndərilmişdi. Yalnız 44 iştirakçının xülasəsi seçilərək, təqdimata layiq görülmüşdü. Onlar fəlsəfə doktorları Nəzakət Məmmədli, Dilbər Zeynalova, Xatirə Yusifova, Rüstəm Lazımov və Səadət Şıxıyevanın moderatorluğu ilə sessiyalara qoşularaq, öz xülasələrini təqdim etdilər.
Sonda konfrans iştirakçılarına sertifikatla mükafatlandırıldı. “Mövlananın Fəlsəfəsi və Poeziyası” adlı beynəlxalq konfransın xülasələr toplusu nəşr ediləcək.