Türkiyənin İstek Bilge Kağan okulu ilə “Dünya” məktəbi etvininq (etwining) portalı üzərindən “İki şivə, bir hekayə” adlı ortaq layihə həyata keçirmək üçün bir araya gəlmişlər. Layihəyə əsasən hər iki tərəfin məktəbliləri ortaq hekayələr yazmalıdırlar. Amma bu hekayələr ayrı-ayrı uşaqlar tərəfindən deyil, iki nəfərdən ibarət şagird qrupu tərəfindən yazılacaq. Hər qrupda bir Azərbaycan, bir türk məktəblisi olacaq.

Uşaqların hər biri öz fantaziyasına və marağına uyğun hekayə başlayacaq, kulminasiya nöqtəsində davamını yazmaq üçün mətni qrup yoldaşına ötürəcək. Beləcə, qrupdakı hər iki şagird bir yerdə iki hekayə yazmış olacaq. Bu yaradıcı işi başlamazdan öncə isə layihə təşkilatçıları olan türkiyəli və azərbaycanlı müəllimlər uşaqları hazırlamaq və motivasiya etmək üçün müxtəlif fəaliyyətlər həyata keçirməyi planlayırlar. Həmin fəaliyyətlərdən biri də bir azərbaycanlı və bir türk müəlliflə məktəblilərin görüşünün təşkilidir.

Bu prosesin planına uyğun olaraq hər iki məktəbin şagirdləri ilk olaraq yanvarın 14-də Azərbaycanın sevilən şairi, professor Hamlet İsaxanlı ilə görüşdülər. Hamlet İsaxanlı bu görüşdə layihə iştirakçıları ilə yazılacaq hekayələr üçün seçilmiş “Qardaşlıq” mövzusunda düşüncələrini paylaşdı. Bir saatdan artıq davam edən onlayn görüş həm faydalı, həm də maraqlı keçdi. Görüş zamanı şair əvvəlcə mövzunun tarixi, fəlsəfi və mənəvi dəyərindən bəhs etdi. Bundan sonra hər iki qardaş ölkənin məktəbliləri ilə Hamlet İsaxanlı arasında maraqlı və səmimi söhbət baş tutdu. Mövzu ilə əlaqəli uşaqların ünvanladığı suallara ətraflı və dolğun cavablar verən Hamlet İsaxanlı məktəblilərə “Qardaşlıq” sözünün hər iki ölkə üçün mənəvi və tarixi dəyərini də açıqlamış oldu.

khazar.org