2020-ci il fevralın 8-də Azərbaycan Milli Xalça Muzeyində Mədəniyyət və turizm nazirliyi və Xalça muzeyinin təşkilatçılığı ilə xalçaçı rəssam, Xəzər Universitetinin müəllimi, universitetin xalça muzeyinin direktoru Afaq Kərimovanın “Afaq Kərimovanın yaradıcılığında süjetli xalçalar” mövzusunda təqdimatı keçirildi.
Tədbirdə ölkənin tanınmış incəsənət və elm xadimləri, Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı və əməkdaşları, sənətsevərlər iştirak edirdilər.
Xalça muzeyinin direktor müavini, əməkdar mədəniyyət işçisi Asya Şirəliyeva tədbiri açaraq, çıxış etdi. O, çıxışında Afaq Kərimovanın yaradıcılığı haqqında geniş məlumat verərək, maraqlı faktları xatırlatdı. Qeyd etdi ki, Ulu Öndər Heydər Əliyev ABŞ-a ilk səfəri zamanı Bill Klintona Afaq Kərimovanın eskizi əsasında toxunmuş, süjeti Azərbaycan mövzusu olan xalça hədiyyə etmişdi. Səfərdən sonra Azərbaycana göndərdiyi minnətdarlıq məktubunda Klinton “gözəl xalçanın mənasını anladığını və bir daha heyranlığını” bildirmişdi. Natiq Heydər Əliyev Fondunun və YUNESKO-nun təşkilatçılığı ilə Afaq Kərimovanın bir sıra əsərlərinin Fransada-Parisdə və digər şəhərlərdə nümayiş olunduğunu söylədi.
Afaq Kərimova çıxışında üzərində illərlə işlədiyi əsərlərinin hazırda ölkəmizin və xarici ölkələrin muzeylərinin daimi eksponatı olmasından danışdı və qeyd etdi ki, əsərlər müxtəlif zamanlarda yubileylər münasibətilə yaransa da, Azərbaycan tarixi və mədəniyyətinin Dədə Qorquddan başlamış müasir dövrədək xronoloji ardıcıllığını əhatə edir. O, müxtəlif dövrlərdə yaratdığı “Dədə-Qorqud”, “Nizami”, “Məhsəti Gəncəvi”, “Füzuli-500”, “Vazeh”, “Hüseyn Cavid”, “Sənsiz”, “Natəvan”, “Səməd Vurğun”, “60-cılar”, “Ziyalı” və digər süjetli xalçalar barədə maraqlı məlumatlar verdi və hər bir xalçanın süjeti və texniki cəhətində etdiyi yeniliklərdən danışdı.
Heydər Əliyev Fondunun sifarişi ilə Nizami Gəncəvinin “Xəmsə”si əsasında hazırladığı beş xalça, Məhsəti Gəncəvi xalçası və ipək üzərində işlənmiş batikası Fransanın Parisdən başqa Kann, Strasburq və Reyms şəhərlərində bir il ərzində nümayiş etdirilib və hazırda Parisdə Azərbaycan Mədəniyyət Sarayının daimi eksponatlarındandır.
Çıxışından sonra Afaq Kərimova iştirakçıların suallarını cavablandırdı.
Tədbirdə xalça muzeyinin əməkdaşı Dürdanə Qədirova və digərləri çıxış edərək, Afaq Kərimovanın yaradıcılığı haqqında fikirlərini bildirdilər. Sonda professor Hamlet İsaxanlı tədbir haqqında müsbət təəssüratını iştirakçılarla bölüşdü.