2019-cu il iyulun 9-u və 10-da Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı və Humanitar, təhsil və sosial elmlər fakültəsinin dekanı dosent Elza Səmədova Özbəkistanın Səmərqənd şəhərində İpekyol Beynəlxalq Turizm Universitetinin təşkilatçılığı ilə keçirilən “Keçmiş Sovet ölkələrində turizim əməkdaşlığı: yeni arayışlar və imkanlar” (“Tourism in the CIS countries and regional cooperation: new challenges and opportunities”) adlı beynəlxalq seminarda iştirak etdilər və iki universitet arasında gələcək əməkdaşlıqlar haqqında müqavilə imzalandı.
Seminarda çıxış edən professor Hamlet İsaxanlı Özbəksitan və Azərbaycan arasındakı tarixi və elmi-mədəni əlaqələrə toxunaraq, Azərbaycan xalqı ilə özbək xalqının dostuq və qardaşlıq sevgisinin təsadüf olmadığını və bu sevgi və dostluğun gələcəkdə turizmin hər sahədə inkişaf etdirilərək, genişləndirilməsində mühim amil olduğunu vurğuladı. Professor İsaxanlı, eyni zamanda, Azərbaycanla Özbəkistan arasında turizmin inkişafı üçün turizm ixtisası üzrə kadr hazırlığı aparan univeristetlərinin əməkdaşlığının, birgə layihələrin hazırlanmasının, yay məktəbləri təşkil olunmasının, müəllim və tələbə mübadiləsinin önəminə diqqət çəkdi. Eyni zamanda, turizmin inkişaf etməsi üçün vacib olan iki amilin, dil və səyahət sərbətliyinin bu ölkələr arasında mövcudluğunu da qeyd etdi.
Xəzər Universiteti bu seminarın ikinci hissəsi olan I Turizm Sərgisində də iştirak etdi.
Seminardan sonra qonaqlara Səmərqəndin tarixi və turistik yerlərinə səfərlər təşkil olundu. Səmərqəndin tarixi mədəni irsi bütün qonaqları valeh etdi.