2019-cu il iyunun 12-də Xəzər Universitetinin Mərmər salonunda Rusiya və ABŞ-ın görkəmli riyaziyyatçı alimi, ABŞ-ın Ohayo Dövlət Universitetinin professoru Boris Mityaqinə Xəzər Universitetinin Fəxri doktoru diplomunun təqdim olunması münasibətilə mərasim keçirildi. Mərasimdə Xəzər Universitetinin rəhbərliyi, Elmi Şurasının üzvləri və əməkdaşları, universitetdə keçirilən 2-ci “Riyazi fizikanın operatorları, funksiyaları və sistemləri” (RFOFS) beynəlxalq konfransına gəlmiş Azərbaycandan və xarici ölkələrdən olan alim və mütəxəssislər iştirak edirdilər.

Konfransı Xəzər Universitetinin Riyaziyyat departamentinin müdiri Dr. Əli Hüseynli açıq elan edəndən sonra Xəzər Universiteti haqqında təqdimat filmi nümayiş etdirildi.

Xəzər Universitetinin rektoru, Elmi Şuranın sədri dosent İradə Xəlilova çıxış edərək, iştirakçıları salamladı və Universitet Elmi Şurasının 8 may 2019-cu il tarixli qərarı ilə Boris Mityaqinə riyaziyyat və onun tətbiqində göstərdiyi görkəmli xidmətlərə görə Xəzər Universitetinin Fəxri doktoru adı verildiyini bildirdi və alimi təbrik etdi.

ADA Universitetinin professoru, Boris Mityaqinin aspirantı olmuş Fərhad Hüseynov çıxışında alimin fəaliyyəti, funksional analiz və riyazi iqtisadiyyat sahəsindəki tədqiqatları haqqında danışdı.

Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı geniş nitq söyləyərək, müasir dövrdə riyaziyyat elminin çoxtərəfli inkişafından və bu prosesdə Boris Mityaqinin fəal iştirakından söz açdı və alimə Xəzər Universitetinin Fəxri doktoru diplomunu təqdim etdi.

Sonda Boris Mityaqin çıxış edərək, Xəzər Universiteti tərəfindən əməyinə verilən yüksək qiymətə görə universiteti rəhbərliyinə və iştirakçılara minnətdarlığını bildirdi.

İştirakçılara Xəzər universitetinin Musiqi və incəsənət departamentinin müdiri, əməkdar müəllim, pianoçu Zülfiyyə Sadıqovanın rəhbərliyi ilə universitetin Kamera orkestrinin konsert proqramı təqdim olundu.

khazar.org