2019-cu il mayın 29-u və 30-da Xəzər Universitetinin İqtisadiyyat və menecment fakültəsi Rusiya Federasiyasının Yeni İqtisadiyyat Məktəbi (NES) və Ali İqtisadiyyat Məktəbi (HSE) ilə əməkdaşlıq çərçivəsində “Futbolun iqtisadiyyatı” adlı 3-cu beynəlxalq konfrans keçirdi.
Konfransın əsas məqsədi futbol sənayesinin iqtisadi, sosial və idarəetmə məsələlərini əhatə edən yüksək keyfiyyətli nəzəri və praktiki tədqiqatlara dəstək olmaq və alim və peşəkar mütəxəssislər arasında əməkdaşlığı inkişaf etdirmək idi.
Konfransı giriş sözü ilə konfransın sədri, Xəzər Universitetinin İqtisadiyyat və menecment fakültəsinin dekanı dosent Ceyhun Məmmədov açaraq, iştirakçıları salamladı və futbol sənayesinin və əlaqəli olaraq, turizm sənayesinin Azərbaycanın sosial-iqtisadi inkişafında rolu, keçirilən konfransın əhəmiyyəti və mütəxəssislər, gənc tədqiqatçılar və tələbələr arasında fikir və təcrübə mübadiləsinin faydası haqqında danışdı. Daha sonra Xəzər Universitetinin rektoru dosent İradə Xəlilova, Yeni İqtisadiyyat Məktəbinin prezidenti professor Shlomo Weber və Ali İqtisadiyyat Məktəbinin prorektor əvəzi Dr. Dmitry Dagaev konfrans iştirakçılarını salamladılar və konfransın işinə uğurlar arzuladılar. Tədbirdə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Futbol departamentinin müdiri cənab Fikrət Hüseynov iştirak etdi və Azərbaycanda futbolun tarixindən, həyata keçirilən tədbirlərdən, uğurla inkişafından və futbolun iqtisadiyyatının və futbol turizminin inkişafına səbəb olacaq infrastrukturun formalaşmasından danışdı.
Qeyd olunmuş məsələlər yerli mütəxəssis və tələbələrlə yanaşı, Yeni İqtisadiyyat Məktəbi (NES) və Ali İqtisadiyyat Məktəbi (HSE), Merilend Universiteti, Rotterdam Erasmus Universiteti, Venesiya Ca`Foscari Universiteti, Groningen Universiteti, Reading Universiteti, Molde Kolec Universiteti, Pablo de Olavide Universiteti, Rusiya Federasiyası Hökuməti yanında Maliyyə Universiteti və Lomonosov adına Moskva Dövlət Universitetinin alimlərinin, gənc tədqiqatçılarının və tələbələrinin iştirakı ilə geniş tərkibdə müzakirə edildi.
Konfrans mayın 30-da Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı və Tədris İşləri üzrə prorektor Professor Məhəmməd Nuriyevin bağlanış nitqləri ilə yekunlaşdı.