2019-cu il yanvarın 21-də Venesiyadakı Ka’Foskari Universitetinin Humanitar elmlər departamentinin əməkdaşı Dr. Elena Rova Xəzər Universitetində oldu. Görüşü Xəzər Universitetinin Tarix və arxeologiya departamentinin müəllimi Nuridə Atəşi təşkil etmişdi.

Professor Rova tarix və arxeologiya sahəsində geniş təcrübəyə malikdir. O, adı çəkilən sahələr üzrə bir çox elmi jurnallarda məqalələr dərc etdirmiş və bir sıra beynəlxalq arxeoloji ekspedisiyalarda (Gürcüstan, Suriya və digər ölkələrdə) iştirak etmişdir. Professor Rova Xəzər Universitetində olduğu müddətdə bir neçə görüşdə iştirak etdi.

İlk görüş Tarix və arxeologiya departamentində baş tutdu. Görüşdə departamentin rəhbəri Dr. Roza Arazova, müəllimi Dr. Nuridə Atəşi, İngilis dili və ədəbiyyatı departamentinin rəhbəri Eynur Mehdiyev, Beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Turan Cəfərova, eləcə də, Tarix və arxeologiya departamentinin bir neçə müəllimi iştirak edirdilər. Professor Rova daha sonra tarix müəllimliyi ixtisasında təhsil alan tələbələrlə də görüşdü.

İki görüşün ardınca Professor Rova Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı ilə görüşdü. Görüşdə Profesor İsaxanlı Ka’Foskari Universiteti və Xəzər Universiteti arasında 2013-2016-cı illərdə Erasmus Mundus Təhsil Təcrübələrinin Genişləndirilməsi (EMBER) proqramı çərçivəsində əməkdaşlığı vurğulayaraq, bu əməkdaşlığın qarşılıqlı maraq əsasında digər sahələrdə də inkişaf etdiriləcəyinə ümid etdiyini bildirdi.

khazar.org