2018-ci il dekabrın 11-də Xəzər Universitetində ənənəvi “Elm və Sənət Məclisi”nin 68-ci məşğələsi keçirildi. Məşğələni giriş sözü ilə Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı açaraq, budəfəki məclisin əsas məruzəçisi Beynəlxalq Qafqaz və Azərbaycan Çay Assosiasiyaları İctimai Birliyinin prezidenti, Azərbaycan Milli Elmlər Akademiyasının Lənkəran Bölməsinin rəhbəri, aqrar elmləri doktoru professor Fərman Quliyevin həyat və yaradılıcılığı haqqında məlumat verdi. Sonra məruzəçi Azərbaycanda çay və sitrus plantasiyalarının salınması, çayçılığın və sitrus bitkilərinin inkişafı ilə dövlət proqramlarının qəbul edilməsi haqqında ətraflı məlumat verdi.
Məruzə ətrafında müzakirələrdə dosent İradə Xəlilova, Əlövsət Əmirbəyli, Rövşən Abbasov, Elsevər İbadov, Cavid Ocaği (hamısı Xəzər Universiteti), Abbas İsmayılov, Zaur Həsənov (hər ikisi Azərbaycan Dövlət Aqrar Universiteti, Gəncə), Əli Şamilov (AMEA-nın Folklor İstitututu), Nemət Məmmədli, İsmixan Yusubov (hər ikisi Bakı Dövlət Universiteti) və digərləri çıxış etdilər. Sonda professor Hamlet İsaxanlı maraqlı məruzə üçün professor Fərman Quliyevə təşəkkürünü bildirdi və ona universitetin hədiyyəsini təqdim etdi.
Sonda xatirə şəkilləri çəkildi.