“Xəzər Universitetinin Dostları Fondu”nun Təsis Yığıncağı Keçirildi

2018-ci il martın 9-da Xəzər Universiteti Məzunlar Assosiasiyası və universitetin Məzunlarla İş Mərkəzinin birgə təşkilatçılığı ilə “Xəzər Universitetinin Dostları Fondu”nun təsis yığıncağı keçirildi. Məzunlarla İş Mərkəzinin müdiri Baba Bayramlı təsis olunacaq fondun məqsəd və vəzifələri, hüquqları və fəaliyyət istiqamətləri barədə yığıncaq iştirakçılarına məlumat verdi. Fondun Nizamnaməsi müzakirə olunaraq təsdiq edildi. İştirakçılar açıq səsvermə yolu ilə fondun nəzarət orqanı olan Himayəçilər Şurasının üzvlərini seçdilər. BP neft şirkətinin Avropa üzrə Strategiya və İnkişaf direktoru Xalıq Dadaşov Himayəçilər Şurasının sədri, ADA Universiteti Rektor aparatının rəhbəri Şəfəq Mehrəliyeva şuranın sədr müavini və Xəzər Universiteti Jurnalistika departamentinin koordinatoru Cabir Məmmədli şuranın katibi seçildilər. Himayəçilər Şurası üzvlərinin yekdil qərarı ilə Kapital Bankın Baş Ofisinin aparıcı eksperti Ramal Əhmədov fondun prezidenti, Xəzər Universitetinin İnkişaf Mərkəzinin direktoru Raziyə İsayeva fondun vitse-prezidenti seçildilər.

Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı yığıncaqda çıxış edərək, “Xəzər Universitetinin Dostları Fondu”nun yaradılmasının mühüm bir hadisə olduğunu bildirdi və fondun fəaliyyətində uğurlar arzuladı.

Dil seçimi:
  • Az
  • Ru
  • En
  • De
Official facebook page