Dil seçimi:
  • Az
  • Ru
  • En
  • De
Official facebook page

Professor Hamlet İsaxanlı Tbilisi Dövlət Universitetinin 100 illik yubileyinə Quba xalçası hədiyyə edib

Gürcüstan Azərbaycanlılarının Xəbər Agentliyi GAXA 2018-ci il fevralın 8-də Tbilisi Dövlət Universitetinin 100 illik yubileyi mərasimlərində iştirak edən Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlıdan müsahibə almışdır.

Müsahibəni təqdim edirik:

Azərbaycanın Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri, professor Hamlet İsaxanlı İvane Caxaxişvili adına Tbilisi Dövlət Universitetinin 100 illik yubileyinə Quba xalçası bağışlayıb. GAXA-nın Tbilisi müxbirinin məlumatına görə, H. İsaxanlı TDU-nun 100 illik yubileyi ilə bağlı keçirilən tədbirlər çərçivəsində ölkə prezidenti Georgi Marqvelaşvili ilə görüşdüklərini, həmçinin baş nazir Giorgi Kvirikaşvili və Tbilisi şəhər meri Kaxa Kaladze ilə görüşəcəklərini bildirib. Onun sözlərinə görə, prezident Xəzər Universitetinin fəaliyyəti haqqında müsbət fikirlər səsləndirib.

H. İsaxanlı GAXA-ya açıqlamasında bu gün Gürcüstanın elm və təhsil naziri Mixail Çxenkeli ilə görüşdüyünü və görüşdə Gürcüstan azərbaycanlılarının təhsil sahəsində olan mövcud problemləri barədə öz fikirlərini söylədiyini və onların həll olunması istiqamətində əlindən gələn köməyi əsirgəməyəcəyini bildirib: “Mən nazirlə görüşdə ondan Gürcüstan azərbaycanlılarının təhsil problemlərinə fikir verməyini xahiş etdim. Dedim ki, Xəzər Universiteti olaraq nə lazımdırsa, sizə kömək edə bilərik. Məsələn, mən dedim ki, biz müəllimlərə, məktəb direkorlarına təlim kursları keçirilməsini təşkil edə bilərik. Nazirə məlumat verdim ki, Azərbaycanda təhsil nazirliyinin nəzdində Təlim Mərkəzi fəaliyyət göstərir. Mənim təklifim onun çox xoşuna gəldi və biz qərara gəldik ki, əməkdaşlıq edək”, H. İsaxanlı qeyd edib.

H. İsaxanlı bu gün Azərbaycan nümayəndə heyətinin TDU-nun 100 illik yubileyinə qatıldığını, və yubileyin rəsmi açılışında ona da söz verildiyini bildirib: “Çox şadam ki, TDU-nın təntənəli yubileyində iştirak edirik. Azərbaycandan yubileyə nümayəndə heyəti də gəlib. Azərbaycan Milli Elmlər Akademiyasından, Bakı Dövlət Universitetindən və Xəzər Universitetindən nümayəndələr, alim və professorlar dəvət olunub. Universitetin 100 illik yubileyində Bakı Dövlət Universitetinin tədris üzrə prorektoru İradə Əliyeva, Beynəlxalq Departamentin müdiri Gülheyran Rəhimova və Xəzər Universitetinin nümayəndəsi olaraq mən də iştirak edirəm. Mən yubileyin rəsmi açılışında çıxış edərək Azərbaycan-Gürcüstan dostluq əlaqələrindən, ölkədə yaşayan azərbaycanlılardan və əlaqələrimizin vacibliyindən, Gürcüstan mədəniyyəti və elmindən söhbət açdım. Mən yubileyə əliboş gəlməmişəm. Hazırda Luvr muzeyində saxlanılan Quba xalçasına bənzər bir xalça toxutdurub bu gün 100 illik yubileyini qeyd etdiyimiz İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetinə hədiyyə etmək üçün gətirdim. Xalçanın üzərinə ingilis dilində “İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetinin 100 illiyinə. Bakı. Azərbaycan. Xəzər Universitetindən hədiyyə” yazılmış xalçanı universitetin rektoruna bağışladım və bu, yubiley iştirakçılarının alqışına səbəb oldu”,- H. İsaxanlı bildirib.

H. İsaxanlı Gürcüstanda yeni fəaliiyət göstərən GAXA.ge saytına münasibət bildirib: “Mən eşidəndə ki, Gürcüstanda “Gürcüstan Azərbaycanlılarının Xəbər Agentliyi” (GAXA.ge) yaradılıb, çox sevindim, hətta bir az təəccübləndim. Bu dünya informasiya üzərində qurulub. Çünki yaxşı inormasiyan varsa, uğurlara əl ata bilərsən, yoxdursa, insan kor kimidir, getdiyi yolu görmür. İnformasiya çoxluğu çox mühümdür. Ona görə də digər informasiya agentliklərin təcrübəsini öyrənib sizin yeni açdığınız agentliyi daha da yüksəklərə qaldırmaq üçün gərgin çalışmaq lazımdır”,- deyə professor H. İsaxanlı vurğulayıb.

http://www.khazar.org/az/news/article/2905