[:az]Dekabrın 9-da Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Mədəniyyət və Turizm Nazirliyi və Dövlət Filarmoniyasının təşkilatçılığı ilə Əməkdar incəsənət xadimi, Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Üzeyir Hacıbəylinin Ev Muzeyinin direktoru, görkəmli bəstəkar Sərdar Fərəcovun anadan olmasının 60 illiyi münasibətilə müəllif konserti keçirildi. Konsertdə Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, professor Firəngiz Əlizadə, müsiqi ictimaiyyətinin nümayəndələri və Xəzər Universitetinin əməkdaşları iştirak edirdilər.

Konsertdən əvvəl Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi, professor Zemfira Qafarova çıxış edərək, Sərdar Fərəcovun görkəmli bəstəkar, müsiqişünas və ictimai xadim kimi çöxşaxəli fəaliyyətindən danışdı. Bəstəkarın, demək olar ki, bütün musiqi janrlarında əsərlər yaratdığını və bu əsərlərin keçmiş SSRİ ölkələrində, Avropa və ABŞ-da da ifa edildiyini söylədi və yubilyara Bəstəkarlar İtttifaqının təbrik məktubunu və gül dəstəsi təqdim etdi.

TÜRKSOY-un baş katibi Düsen Kaseinov çıxış edərək, Sərdar Fərəcovun zəngin yaradıcılığından söz açaraq, əsərlərinin türk respublikalarında ifa edildiyini söylədi və TÜRKSOY-un “Azerbaycan, Kazakistan, Kırgizistan, Özbekistan Cumhuriyetlerinin ve Türkmenistanın bağımsızlıklarının 25 Yılı anısına” medalını ona təqdim etdi. Sərdar Fərəcov çıxışında Bəstəkarlar İttifaqının və TÜRKSOU-un rəhbərliyinə təşəkkürünü bildirdi.

Xalq artisti Gülbacı İmanovanın bədii rəhbərliyi ilə keçən konsertdə bəstəkarın əsərləri Üzeyir Hacıbəyli adına Dövlət Simfonik Orkestri, Azərbaycan Dövlət Xor Kapellası və solistlər tərəfindən ifa edildi. “Koroğlu” simfonik freskası, Şah Xətai simfoniya-dastan, “Cavad xan” baletindən süita, “Qarabağnamə” (tar və simfonik orkestr üçün), Hamlet İsaxanlının sözlərinə yazılmış “İstanbul Boğaz içi” vokal lövhə, “Sentimental vals” (violino və orkestr üçün) və “Sonsuzluq karvanı” oratoriyasından hissələr tamaşaçılara təqdim olundu. Solistlər Xalq artisti, tarzən Ramiz Quliyev, Əməkdar artist Fəridə Məmmədova, Beynəlxalq müsabiqələr laureatı, skripkaçı Zərrin Əliyeva, Xəzər Universitetinin vokal müəllimi Məhsəti Cabbarova və Prezident mükafatçısı İsmayıl Yunisov idi.

Konsert tamaşaçıların sürəkli alqışları ilə başa çatdı. http://www.khazar.org/az/news/article/2724

 [:]