“Gələcəyini Qur!” Gəncliyə Dəstək Layihəsi Xəzər Universitetində

2017-ci il dekabrın 3-də “Gələcəyini Qur!” Gəncliyə Dəstək Layihəsinin Xəzər Universitetinin “Neftçilər” kampusunda “Məsuliyyət” mövzusunda tədbiri keçirildi.

İştirakçıları salamlayaraq, tədbiri açan Xəzər Universitetinin Beynəlxalq əlaqələr şöbəsinin direktoru Turan Cəfərova layihə haqqında ümumi məlumat verdi. Layihənin könüllüsü Rauf Cahangirov təhlükəsizlik tədbirləri haqqında iştirakçıları məlumatlandırdı. Daha sonra layihənin rəhbəri Bəhruz Hidayətzadə layihənin elmin vacibliyi, ədalət, sevgi, məsuliyyət kimi dəyərləri haqqında çıxış etdi. İdarəetmə və tələbə işləri üzrə prorektor İsaxan İsaxanlı universitet haqqında ətraflı məlumat verdi. Xəzər Universitetində təhsil alan “Gələcəyini Qur!” lahiyəsinin məzunları Azər Əliyev, Günel Abuzərli, Ziya Məmmədov və Günel Ələsgərli öz təcrübələrindən söz açaraq, ali məktəblərə qəbul imtahanına hazırlıqlar zamanı məsuliyyətin vacibliyindən, həmçinin, sistemli çalışmaq və layihənin onlara vermiş olduğu imkanlardan daha səmərəli istifadə etməkdən bəhs etdilər.

Çay fasiləsindən sonra Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı “Məsuliyyət” mövzusunda çıxış etdi. Professor, həmçinin, Xəzər Universitetinin yaranma tarixindən də söz açdı. Çıxışdan sonra layihənin rəhbəri Bəhruz Hidayətzadə Professor Hamlet İsaxanlıya layihəyə göstərdiyi dəstək və əməkdaşlığa görə diplom təqdim etdi. Qeyd etmək lazımdır ki, cari tədris ilində Xəzər Universiteti layihənin iştirakçıları tərəfindən ən çox seçilən universitet oldu. Ali məktəblərə qəbul olmuş 125 nəfərdən 25-i hazırda Xəzər Universitetində təhsil alır.

Tədbirin davamında Xəzər Universitetinin Təhsil fakültəsinin dekanı Dr. Elza Səmədova məsuliyyətin növləri haqqında qısametrajlı filmlər nümayiş etdirərək, iştirakçılara bu barədə ətraflı məlumat verdi. Tədbirdə spiker qismində, həmçinin, Cavid Şahmalıyev (sosial işçi, “Uğur Akademiyası”nın həmtəsisçisi), Coşqun Kərimov (təlimçi və üç kitabın (“Kvan”, “Ubuntu” və “Alamo13”) müəllifi) və Xəqani Səfərov (Gilan Holding şirkətində insan resursları üzrə mütəxəssis) iştirak etdilər.

Aztəminatlı ailələrdən seçilən yüksək potensiallı gənclərin hərtərəfli fərdi inkişafına yönələn “Gələcəyini Qur!” Gəncliyə Dəstək Layihəsinin dəstəyi əsasında cari tədris ilində (2017-2018) 125 gənc ali məktəblərə qəbul olunmuşdur. Artıq 4-cü ildir həyata keçirilən layihəyə 2017-2018-ci tədris ilində 2000-dən çox şagird müraciət etmişdir. Onlardan 240 məktəbli layihənin iştirakçısı adını qazanmışdır.

khazar.org

Select language:
  • Az
  • Ru
  • En
  • De
Official facebook page