Camal Mustafayev
Fəlsəfə elmləri doktoru, professor:

●Zərif harmoniya hissi riyaziyyatıçını bəstəkar, yaxud şairlə qohumlaşdırır. Pifaqor ədədlər nisbəti ilə musiqi ahəngini kəşf etmişdi. Rübailər ustası Ömər Xəyyam ciddi riyazi əsərlər yazmışdı… Bu anımları şöhrətli riyaziyyatçı Hamlet İsaxanlı poeziyası doğurdu.

● Hamlet İsaxanlı poeziyasının qısa vaxtda bu qədər geniş əks – səda doğurmasını şərtləndirən nədir? Bu suala qısaca cavab vermək olar. Müxtəlif janrlı şerlərdə bədii axtarışların, poetik fikrin orijinallığıdır. Burada məhəbbətdən başlamış dünya müəmmalarına qədər mövzuların təcəssümü, məna, üslub xüsusiyyəti fərqlənir. Hamlet İsaxanlının yaradıcılıq sirrini necə açmaq olar? O, az sözdə vəznli fikir ifadə etmək ustalığına malik şairdir. O həyatı filosofcasına dərk edir və oxucularını da bədii söz vasitəsilə həyatın mənası, təzadları, ziddiyyətləri barədə düşünməyə məcbur edir.

● Hamlet İsaxanlı həqiqətən həddindən artıq həssas, həddindən artıq zərif, insana, təbiətə qayğıkeş bir şəxsiyyətdir. Yəqin o, təbiətin qoynunda böyüdüyünə görə belədir. Təbiətdə olan təzadlı, faciəli hadisələrin özünü daxilən yaşamaq böyük insani keyfiyyət, həm də şairliyə məxsus zəriflikdir. Başqasının kədərli taleyinə acımaq duyğuların saflığını, nəcibliyini qoruyur. İnsanın bu ürək yaşantısında təbiət varlığı istisna deyil. Bu cəhətdən “Dənizdə bir quş…” şeri daşıdığı həyəcana, təlaşa görə mütəəssir edir.

● Hamlet İsaxanlı doğma xalqına dərin mənəvi tellərlə bağlıdır. Bu gerçəyi eyni zamanda onun gözəl poeziyası təsdiqləyir. Yaradıcı xəyalının milli poetik ahəngdə kökləndiyini “Təzadlar” şerlər kitabı bariz əks etdirir.

● Məhəbbət mövzusu yenə poetik yaradıcılıqda hakim vəziyyətini saxlayır. Hamlet İsaxanlı həmin mövzuya sadiqdir; ondan çox yazır. “Səni sevdim çox sadəcə” şeri real dünyəvi sevginin sadə gözəlliyini canlandırır. “Səs” şeirində gözəlliyi, məhəbbəti kainatm ahəngi kimi düşünür, könüllərin vəhdətini yaradan ecazkar qüvvə kimi anladır.

● Hamlet Isaxanlı bizim poeziya ənənələrimizə yeni yolla yanaşır. Bu yenilik özünü Hamlet İsaxanlı yaradıcılığında söz və canlı mənanın dialektik vəhdətində göstərir. Həqiqət budur ki, yaradıcı məna daşımadan heç bir poetik söz uzun müddət yaşamaq haqqı qazana bilmir. Hamlet İsaxanlı poeziyası, sadəcə, bədii zövqü oxşamaqla məhdudlaşmır. Onda estetiklik canlı fikirlə vəhdətdə poetik əksini tapır. Hamlet İsaxanlının şerlərini oxucular özlərinin mənəvi – estetik maraqlarına, zövqlərinə uyğun kəşf edəcəklər.

● Dünya yaşamaq uğrunda mübarizə zərurəti üzərində qərar tutub. Bu səbəbdən əslində dünyada ən çətin sənət yaşamaqdır. Belə gerçəklər “Ölümə nə var ki” şeirinin leytmotividir. Yaşamaq ölməyə gedən yoldur – fikri vurğulanır bu şeirdə.

● Hamlet İsaxanlının tərcümələri də dilimizdə gözəl səslənir. Bu tərcümələr sözün zərif biçimini və şairanə mənasını duyanların zövqünü oxşayacaq.

Mövlud Süleymanlı
Yazıçı:

● Hamlet İsaxanlının şeirləri ilk öncə yeni düşüncə tərzi, sərbəst, daha doğrusu, heç bir ənənə cığırına sığışmayan, azad ifadə formasıyla seçilən poeziya nümunələridir, ona görə də diqqətimi çəkdi. Hamlet sözün ifadəsində sərbəstdir, məncə, bu həm də onun düşüncəsindən, hər şeyin riyazi dəqiqliklə mahiyyətinə varmaq istəyindən irəli gəlir. Hər şeydə bir məna tapır və fəlsəfi fikir görür, onu ifadə etməyə çalışır və bacarır da.
Onun misraları, bizim ara şairlərimizin ədəbaz misraları kimi öz-özündən havalanmır, boş yerə hay-küy salmır, sözlər qanadlı deyil, ağırdır, düşündürücüdür. Oxucunu özüylə aparandır…

● Hamlet İsaxanlı qafıyə quraşdırmır. Hamlet İsaxanlı canfəşanhq etmədən, süni qafıyələr uydurmadan öz içinin şeirlərini yazır. Oxucuları üçün gözlənilməz və yeni olan poetik tapıntılarını üzə çıxardıb işləyir, riyazi səlistliklə axıracan gedir, sonsuzluğun ağlasığmayan məntiqi qarşısındakı heyrətini ifadə edir. Hamlet İsaxanlının bir şair kimi düşüncə əhatəsi, içdən görmək, duymaq hissi çox genişdir, mövzu baxımından çox rəngarəngdir.

● “İstanbul, Boğaziçi” şeirini oxudum, səmimi olaraq deyim ki, dünyanın bütün ayrılıqlarını xatırladım. Şeir əslində elə də böyük mətləblərdən danışmır. İnsanın təsəvvüründə ani olan, amma unudulmaz etüdlər cızır. Doğma bir nəğməyə qulaq asmış kimi o mənzərənin anlatdığı duyğulara qapılırsan.

● Lalələr haqda çox şeirlər oxumuşuq, yəqin ki, hələ də oxuyacağıq. H.İsaxanlının bu dörd bənddən ibarət olan “Lalə” şeiri əbədi olan BÖYÜK SÖZÜN ifadəsidir.

● “Durnalar” şeirini oxuyanda M.V. Vidadinin, M.P. Vaqifin “Durnalar”ını xatırladım, istər – istəməz. Milli sərvətimiz olan bu gözəl, klassik şeirlərlə yanaşı görün H.İsaxanlının “Durnalar”ı necə yenidir, təsirlidir, fikir baxımından, ifadə baxımından necə bu günündür.

Nəriman Həsənzadə
Şair:

● Hamlet İsaxanlının şer yaradıcılığı fəlsəfi poeziya, qəm poeziyasıdır. Onun “Susma, danış, ay ana” şeiri anaya həsr edilmiş ən səmimi əsərlərdən biridir.

● Bizim Hamlet müəllimin Şekspirin Hamletindən daha qətiyyətli, yaradıcı və qurucu olduğu fikri dolaşdı başımda və onun şəninə bir şeir yarandı:

Şekspir dahidir şəksiz-şübhəsiz, “Hamlet”i Hamletə bənzər yaratdı. Lakin ləngimədi Borçalı prins¹, Xəzər sahilində «Xəzər» yaratdı².

1.Hamlet İsaxanlının Gürcüstanda, Borçalıda dünyaya gəldiyinə işarədir.
2. Hamlet İsaxanlının qurucusu olduğu Xəzər universitetinə işarədir.

Vidadi Babanlı
Yazıçı:

Hamlet İsaxanlı şeir məclisinin şan – şöhrətli geçməsi bizim üçün fərəhlidir. Biz fərəhlənirik ki, bizdən sonra sənətə gələnlərin belə uğurları var.

Zəlimxan Yaqub
Şair:

Hamlet İsaxanlının “Səni sevdim çox sadəcə” şeiri Səməd Vurğunun “El bilir ki, sən mənimsən” sözləri kimi sadə və gözəldir, artıq hamıya tanışdır.

Səlahəddin Xəlilov
Filosof-professor:

Məna müstəvisində damla ilə dəryanın eyniyyətindən çıxış edən Hamlet İsaxanlı dənizin təkcə “dadına baxmaqla”, kəmiyyət fərqindən abstraksiya olunmaqla kifayətlənmir, ona birölçülü yox, çoxölçülü fəzada baxır, dərinlik və səth arasında, nəhayətsizliklə sahil arasında münasibətləri də qələmə alır. Hamlet İsaxanlı bir alim olaraq seyrə dalmaqla kifayətlənmir, hər şeyi içəridən öyrənməyə çalışır və bu məqamda alimlikdən şairliyə yumşaq bir keçid baş verir. Analitik təfəkkür həyatın anını, məqamını yaxalayanda poeziyanın yeni rakursları ortaya çıxır. Duyğunun ucunu tutub uzaqlara getmək yox, onu elə həyatın özündə yaşamaq və məhz bu praktik yaşantının da poetik tərənnümünə nail olmaq! Realistik poeziyanın Hamlet məqamı!

İzoqraf nəşriyyatı (Moskva):

● Ünlü (görkəmli) ensiklopedist alim, elm və təhsil təşkilatçısı və ictimai xadim Hamlet İsaxanlı (İsayev) Azərbaycanda və onun hüdudlarından kənarda istedadlı şair kimi də tanınır. Poetik üslubunun təkrarsızlığı və bənzərsizliyi, fikir və məntiqin aydınlığı, sözün zərgər dəqiqliyi ilə işlənilməsi, ahəngdarlıq, ritm ilə məna və hissiyyat ilə həqiqət arasındakı üzvi uyuşma – bunlar H. İsaxanlı yaradıcılığının bədii ifadəsini müəyyən edirlər. Işıq və kölgənin bir-brinə keçməsini, qəmli zərifliyi, çoxçalarlı sevgini, insan varlığının faciəsini (tragizmini) incə boyalarla çəkərək, o, mənəvi və estetik dəyərləri təqdim edir, həyatda xoşahəng axtarışında öz nikbinliyini göstərir.

● H. İsaxanlı lirikanın, incə psixologizmin, həyatın bədii qüdrəti və fəlsəfi dərkinin eyni dərəcədə səsləndiyi poeziyasında ustalıqla insanın daxili aləmini (iç dünyasını) təsvir edir. Bu səbəbdən onun şeirlərində hər həssas adam özünü tapacaq və özünü kəşf edəcək, əlbəttə ki, hərə özünə məxsus şəkildə.

● Hisslərinin səmimiliyi poetik formaların gözəlliyi və heyrətamiz tutumu ilə birləşərək Hamlet İsaxanlını sevgi lirikasının tanınmış sənətkarına (ustasına) çevirir; bu, belə demək olarsa, lirikanın ali riyaziyyatıdır.

Çin Mərkəzi Tərcümə Nəşriyyatı:

Hamlet İsaxanlının şeirləri çox gözəldir və biz çox məşhur Çin tərcüməçisi və poeziya tənqidçisinin arzusu və köməyi ilə bu əsərləri Çin dilinə çevirib nəşr etmək istəyirik¹.

1. Hamlet Isaxanlının çincə şeirlər kitabı 2009-cu ildə işıq üzü gördü (Redaktor).

Turay Atabakı
Tarixçi-professor (Amsterdam):

Hamlet İsaxanlı poeziyasını xarakterizə edən ifadələrdən biri “müasir sufizm” ola bilər.

H.Achmed Schmiede
Filoloq, tərcüməçi (Almaniya):

Şeir kitablarınızı zövq və maraqla oxumağa başlamışam. İlk varaqlayanda “Hacı oldun, çox mübarək!” adlı şeiriniz xüsusilə diqqətimi çəkdi. Qələminizə sağlıq! Ümumiyyətlə, şeirlərinizi oxuyarkən bir daha mənə aydın oldu ki, riyaziyyat ilə şeiriyyət arasında qəribə bir ünsiyyət var. Mənə görə riyaziyyat dünyəvi elmlərlə elmi – ləduniyyətin qovşağındadır. Dünya şöhrətli bir matematikçinin eyni zamanda dərin duyğulu bir şair olmasını ayrı cür izah eləyə bilmirəm.

Ramaz Xurodze
Tbilisi Texniki Universitetinin rektoru, professor (Gürcüstan):

Çox tanınmış riyaziyyatçı alim və şəxsiyyət olan şair Hamlet İsaxanlı həm də yazıçı, tərcüməçi, təhsil işinin mahir təşkilatçısıdır. Onun yox yerdən yaratdığı dünya təhsil standartları səviyyəsindəki Xəzər Universiteti çox böyük nailliyyətdir. Belə ağır yükə baxmayaraq, mənim çox hörmətli həmkarım daim hərəkətdədir, yazır, ürək arzudan soyumur, – bu, çağdaş klassik alim obrazıdır. Nəhəng simadır dostum Hamlet İsaxanlı. Dediklərim tərifə bənzəsə də, bu, sırf həqiqətdir. O, “dünyaya mən nə gətirdim?” sualını qoyur. Əziz şairimiz, sən dünyaya sevgi, məhəbbət gətiribsən! İnsanlar arasında ahəngdarlıq lirası ilə qarşılıqlı anlaşma, hörmət və etimad himni yaradıbsan. Bu, azdırmı?!

Marqaret Sakaraşvili
Jurnalist (Tbilisi, Gürcüstan):

İlk baxışda tanınmış riyaziyyatçı-alimin son dərəcə orijinal, həssas və dərin mənalı poeziyası qəribə görünə bilərdi. Ancaq onunla görüş və onun heyranedici şəxsiyyəti ilə tanışlıq hər kəsi inandırdı ki, Hamlet İsaxanlı öz poetik dünyasına bağlı olan əsl insandır. Hamlet Isaxanlının dostları deyir: “Onun poeziyası şəxsi ləyaqətindən və istedadından yaranır”. Bu, Hamlet Isaxanlının şeirlərini oxuyan hər bir oxucuya aydın olur.

Yunus Vəhdəti
Filologi elmlər doktoru (İran):

Hamlet müəllimin şeirləri ürəkdən gəlir və ürəyə yatır, insanı ehtizaza gətirir, sadə və gözəldir, elə gözəllik də sadəlikdədir – «Səni sevdim çox sadəcə», «Susma, danış, ay ana» şeirləri kimi.

İmir Məmmədli
Şair, publisist və tərcüməçi (Gürcüstan):

Hamlet İsaxanlının poetik yaradıcılığı, onun bir mütərcimi kimi deyə bilərəm ki, bütünlükdə insana, bəşərə deyilən xoş bir kəlam, poeziya dilində deyilən, qəlblərə ünvanlanan nurlu bir salamdır.

Lyudmila Lavrova
Filoloq, publisist (Moskva):

● Açıq-aşkar kimi görünən həqiqətləri dərk etmənin zаhiri rahatlığı əslində məşum ehtirasların görünməyən dibsiz dərinlikləri ilə vuruş, tоqquşmаlаr doğura bilər. Öz istedadında həm sənətkar, həm də mütəfəkkir хüsusiyyətlərini birləşdirən Hаmlеt Isахаnlı bunu öz şeirlərinin bədii məğzini təşkil edən bötön höceyrələrində bötön şiddəti ilə duyur.
О, hər şеydən əvvəl kökü uzаq kеçmişlərə uzanan böyük şərq fəlsəfi ənənələrinin dаvаmçısıdır. Yalnız bütün bunlаrı nəzərə almaqla оnun yаrаdıcı cоşqunluğunun xüsusiyyətləri daha aydın görünməyə başlayır. Riyаziyyаtçı-alim Hаmlеt Isахаnlı zаmаnın yеni dаlğаlаrındа öz duyğulаrını nəinki аdət еtdiyimiz еmоsiоnаl-lirik vаsitələrlə ifаdə еdir, həm də əl-Fərаbinin yаrаdıcı şəхsiyyət mеyаrlаrı ilə vəhdətdə, yəni əməli idrаklа qоvuşuqdа canlandıra bilir.
● Onun rаsiоnаl əsаslаr üzərində bərqərаr оlmuş düşüncəsi tənlik kimi sirli və yaraşıqlı metaforik quruluşa malik şеirləri ilə uzaq çoxölçülü fəzalarda gəzib-dolaşır. Xətti, birölçülü sxemlərə adət etmiş məxluqların o fəzalara daxil olmaq iqtidarı yoxdur. Üstəlik, əşyalar dünyаsının fаniliyi, mаddi оlаnın mənаsızlığı – onun rusca nəşr olunmuş «KОNTRАSTI» kitаbının əsаs leytmotivini təşkil еdir.
● Ümumiyyətlə, öz hiss və yа «еtiqаd simvоllаrı»-nın hаy-küylü, şüаrsаyаğı nümаyişi Hаmlеt Isахаnlının təbiətinə хаs dеyil. Оnun оvqаtı lirikаsının yarımtonlarında, intоnаsiyаsındа, kiçik, kamera süjеtlərində özünü biruzə vеrir. Şаir şəхsi sеçim еtmək üçün öz охuculаrınа gеniş imkаnlаr vеrir.
● Hаmlеt Isахаnlının yаrаdıcı dünyаsı dərin mənəvi hisslərdən, üzərinə düşən məsuliyyət hissindən аyrılmаzdır. Onun tərcümеyi –hаlındа çох şеy təsаdüfü dеyil, qаrşılıqlı əlаqədədir. Hər şеydən əvvəl аşаğıdаkı kеyfiyyət həm еlm sаhəsində, həm də поеtik yаrаdıcılığındа həmişə üzə çıхır: mükəmməlliyə cаnаtmа və çox böyük iş qаbiliyyəti.
● Elə bir unvеrsаlizm yохdur ki, оnun dахilində müəllifin öz sifəti, öz surəti оlmаsın. Məntiq də daxil olmaqla hər şеy şаirin əlində öz поеtik biоqrаfiyаsını yаrаtmаq üçün bir bəhаnədir. Şаirin «mən»i həttа ən məşhur ideyalara da sirayət edir, hər həqiqətin аrхаsındа оnun subyеktiv bахışlаrı üzə çıхır, оnun kədəri, həsrəti yеni mеyаrlаrа, yeganə gеrçəkliyə çevrilir; bu, onun varlığıdır. Və оlа bilsin ki, genişdairəli rus охuculаrına məhz оnun bu təkrаrolunmаz yeganəliyi, yаrаdıcı fərdiliyi mаrаqlı оlsun.
● Isахаnlı поеziyаsının cəlbеdiciliyi оndаdır ki, о, rəngаrəng və qаrışıq gеrçəklik önündə qапılаrı tаybаtаy аçır, amma özünün bаşlıcа yаrаdıcı məqsədini də heç vaxt unutmur: yüksək mənəviyyət tərbiyəsi və хеyirхаhlıq dərsi. Bunа əmin оlmаq üçün şаirin «Şər və xеyir», «Ömrün hаrаsındаyıq?», «İşıq və qаrаnlıq», «Ot kökü üstə bitər» kimi şеirlərini охumаq yеtərlidir. Bu şеirlərin içərisindən «Yаdındаmı?» şеiri öz sarsıdıcı dərinliyi ilə seçilir.
● Şаirin ən yахşı əsərləri аğıllı və məğrur qəlbin еtirаfı kimi qаvrаnılır. Bu, həm оnun öz-özünə etirafıdır, həm də hər birimizə, sözün tаm mənаsındа, bu dünyаdаn kеçməli оlаnlаrın hаmısınа ünvаnlаnmış bir еtirаfdır. Hаmlеt Isахаnlı öz поеziyаsı ilə охuculаrа xəbər göndərir: Ölüm lаbüddür, qаçılmаzdır, amma ölərkən yох оlmаmаq, əbədi yаşаmаq üçün başınız üstündəki səmаnı öz içinizdə qorumaq, onu necə yaşatmaq haqda düşünün, bаşqа yоl yохdur.

Metin Turan
Şair və filoloq (Türkiyə):

● Azerbaycan şiirinin, kendine özgü biçim ve biçem içerisinde sunulması noktasında, Hamlet İsahanlı önemli bir ad olmaktadır. Hamlet İsahanlı`yı yeni yapan, kültürel birikimi bir zenginlik olarak özümseme kadar buna yaratıcı şair olarak yeni bir kimlik kazandırma niteliğidir. Yeni Azerbaycan şiirinde İsahanlı`nın yarattığı en önemli etki daha çok içerik ve bir şair duruşu olarak kendi özel üslubunu yaratması noktasında belirginleşmektedir. İsahanlı, Azerbaycan şiirine yeni temalar taşırken, biçimsel arayışlara da girmektedir.
● Hamlet İsahanlı`nın şiirlerinde temel eksen insan ve doğa sevgisine dayanıyor. Dünyayı, insanlığı sevme tutkusu, salt bir şairanelik olarak değil, dünyayı sorumluluk duygusuyla kavrayan bir sanatçının algısına dayanmaktadır. Dolayısıyla bu algı içtenliklidir, samimidir.
Bütün devirler içerisinde Azerbaycan şiiri, yapaylıkdan uzak, gelenekle bağıntılı bir estetik yapı gösterir. Bu yapısal form İsahanlı`nın öncüsü olduğu yeni Azerbaycan şiirinde de, yer-yer kırılmalar yaşasa da korunmaktadır. Hamlet İsahanlı`nın şiiri, tarihsel sürecin izlerini taşıdığı gibi, yaslandığı kültürel coğrafyanın rengini yansıtmak bakımından da dikkate değer özelliklere sahiptir.
● Musik, hiç bir kuşkusuz genel olarak Azerbaycan şiirinin içlesi olduğu gibi. Hamlat İsahanlı şiirinin nağmelendirilmesini işittirecek zenginliğe sahiptir. Bu vurğulama öznel bir duyumsamayı yansıtsa da, Azerbaycan musikisinin tınılarıyla İsahanlı şiirinin ritmi yanyana getirildiğinde bunu nasıl doğru orantılı bir bileşkeye ulaştığını anlamamıza yardımcı olacak unsurlardır.
●İsahanlı`nın kendi şiir dünyasını kurma uğraşı içerisinde, başka şairlerden yaptığı çeviriler onun şiirinin akmakta olduğu yatağı, genişliğini göstermek yanında, kendi dil ustalığını yansıtmakla, bu derinlikli ele almalarlaulaştığı ustalığı göstermektedir.

Vaqif Yusifli
Ədəbiyyatşünas tənqidçi:

● Tanınmış riyaziyyatçı, fizika-riyaziyyat elmləri doktoru, professor, həm Azərbaycanda, həm də xaricdə yaxşı tanınan Hamlet İsaxanlının şeir yazmasına, Avropa və dünya şairlərinin əsərlərini tərcümə etməsi, hətta bədii tərcümənin prinsipləri haqqında maraqlı elmi əsər yazması, “Azərbaycan sevgi poeziyası” adlı dördcildlik gözəl bir toplu nəşr etdirməsi bizə məhz bir alimin mənəvi dünyasının zənginliyindən xəbər vermirmi?
● “Ziyarət” poeması həyati, olub-keçmiş, lakin ürəkdə əbədi iz salan hadisələrin yenidən ehya edilməsiylə diqqəti cəlb edir. Təbii ki, bütün bunlar nostalji hisslərdən yaranır. Bu mənada poemada KEÇMİŞ inkar olunmur, əksinə, BU GÜNÜN yaradıcısı, demiurqu kimi çıxış edir.
● “Ziyarət” kitabında H.İsaxanlının müxtəlif mövzuda yazdığı şeirləri də təqdim edilir. Bu şeirlərin qəhrəmanı fikir adamıdır, bunu dərhal hiss eləmək olur. Fikir adamlarının, məsələn, Hamlet İsaxanlı kimi bir riyaziyyatçının – professorun daxili aləmi nə qədər lirik-emosional təsir bağışlasa da, yenə fikir bu lirik-emosional hisslərə yol göstərəcək. Təbii ki, bu fikir, düşüncə oğrazlı dona bürünsün, fikrin gözəlliyinə diqqət yetirilsin. Məsələn, “Dəniz sahilində görüş”, “Qoyunlar xoru” və s. şeirlərində olduğu kimi.

Maarifə Hacıyeva
Ədəbiyyatçı alim:

●Hamlet İsaxanlının mövzuları, hadisələri ustalıqla şeirə gətirməsi, şeirlərindəki fəlsəfi düşüncə tərzi, dini təsəvvüfi mövzulara yanaşması diqqətimi çəkdi və odur ki, ciddi bir riyaziyyat aliminin fikir, duyğu və bədii-estetik baxımdan cəlbedici şeir dünyasına qərq oldum.
Onun klassik məhəbbət mövzusunda yazdığı şeirlərinə sakitlik və həlimlik xasdır. Bu şeirlərdə hay-küylü, dəbdəbəli, çox bər-bəzəkli fikirlərə, demək olar ki, rast gəlinmir. Bu sakitlik bəlkə də zahiri xüsusiyyətdir. Əslində isə, zahiri qatın arxasında qəribə bir təlatüm gizlənmişdir, zənnimcə.
● Seirlərinə xüsusi bir fəlsəfi düsüncə hakim olan H. İsaxanlının poeziyasında həyatla ölüm, xeyirlə şər, yaxşı ilə yaman, sevinclə intizar, kədərlə güman, günəşlə zülmət, zalımlıqla mərhəmət, böyüklə kiçik, enişlə yoxuş təzadlı bir şəkildə qarşılaşdırılır, heç kimə oxşamayan poetik ifadə qüdrəti, həssaslıq və zərifliklə yoğrulmuş poetik-fəlsəfi düşüncə oxucunu qoynuna alıb aparır.
● Mənə görə, dünyanı dəqiq ölçülərlə qiymətləndirən bir riyaziyyatçı şairin yaradıcılığında hiss, həyəcan, duyğu dolu sevginin və fəlsəfi fikrin zərif ifadəsi nümunə götürüləcək səviyyədədir. Ondan bəhrələnməli çox məqamlar var, çoxuna heç toxuna da bilmədim. Mən bu cəhətlərə aludə oldum, adidə qeyri-adi olanı, sadədə dərinliyi axtardım, tapdım.

Tamilla Əliyeva
ədəbiyyatçı alim:

● Hamlet İsaxanlı dünyanın bütövlüyünü dərindən hiss edən, dünyanın maddi və ruhi təzahürlərinin qarşılıqlı əlaqəsini anlayan və duyan insanlardan biridir. Düşünürəm ki, onu dünyanın polifonizmi daha çax maraqlandırır. Böyük riyaziyyatçı David Hilbert “riyaziyyat sonsuzluğun vahid simfoniyasıdır” deyirdi. İlk baxışdan adama elə gəlir ki, riyaziyyat Hamlet zəkasını kanara buraxmamalı idi. Lakin Hamlet İsaxanlının daxili aləmi nəhəng orkestrdir – gücü və imkanları elmdən uzaq çox şeyə çatan bir orkestr.
● Hamlet İsahanlının yeni «Ziyarət» adlı kitabına (2009) salınmış əsərlər ritmik təşkil, vəzn və ölçü baxımından xeyli rəngarəng olsa da, onları birləşdirən və bir kitabda birləşdirməyə əsas verən əsas məqam aşkar sezilən «nostalji» hissi, duyğusudur. Lakin bu nostalji konkret zaman və məkan kəsiyinə çatmaq istəyindən doğmur. Bu daha müqəddəs bir duyğudur. İnsan müstəqil həyata başlayıb ana qucağından və ata evinin kandarından uzaqlara yol açır, amma həyatın müəyyən anında həmin yerə, həmin illərə və həmin dünya duyumuna qayıtmaq istəyi keçirir ürəyindən…
Hamlet İsaxanlı həmsöhbət tapmağa, itirilmiş münasibətləri bərpa etməyə çalışır, ayrılığı dərindən hiss edir, həyəcan keçirir, keçmişə qayıdır. Ondakı itki hissi daha ağrılıdır, nəinki əldə etmək hissi. Ayrılıq təcrübəsi daha uzundur, nəinki birlikdə olmaq. Hamlet İsaxanlı ayrılığı aradan qaldırmaq istəyir, bu səbəblə keçmişə yollanır, doğma yerləri ziyarətə gedir.
● Oğul ana ziyarətinə getməlidir, amma gedəmmir… Saça dən düşür, işlər, qayğılar çoxalır, vaxt daralır,.. adam hərdən həyatdan bezib ölmək belə istəyir, «amma hələ öləmmir».
Oğul ana ziyarətinə getməlidir… Əslində, bu fikir bütün kitabın leytmotivinə çevrilir. Ana sözünün özü də bu kitabda simvollaşır, yalnız konkret bir kəsi dünyaya gətirən qadını deyil, həm də həmin adamın dünyaya gəldiyi ocağı, yurdu, eli-obanı bildirir, son nəticədə vətən məfhumu ilə eyniləşir. Və bu eyniləşmə kitabda olduqca üzvi səslənir.
İnsan öz kökündən ayrılmır, onu qismən özü ilə aparır, illər keçsə də həmin illərə, həmin yerlərə qayıtmağa ehtiyac duyur. Keçmişə, ötüb-keçən günlərə fiziki qayıtmaq mümkünsüzdür. Şair də bunu çox gözəl anlayır, amma bunu heç cür qəbul etmək istəmir, zamanı yarıb ötən günlərin ziyarətinə can atır:
“Çaylar axmazmış tərsinə/Mənsə uymaq istəmədim/Zamanın quru dərsinə”.
● Lirik kənaraçıxmalarla insan – dünya – zaman probleminə nəzər salan şair bəşər övladının “qaydasız oyunları” ilə barışa bilmir, “məxluqat nə etməlidir?” sualını cavablandırmadan “min şükür ki, hər yaranan / bir gün ölüb getməlidir” deyə insan qüdrətinin məhdudluğunu insanın allahlıq etmək iddiasına qarşı çıxan xeyir qüvvə kimi qəbul edir.
● Dərketmə məntiqi və hissi yolla baş verir. O kəs xoşbəxtdir ki, dünyanı bu yollardan biri ilə dərk etməyə kifayət qədər hazırdır. O kəs ki, dünyanı hər iki yolla dərk edə bilər, o, ikiqat xoşbəxtdir. Alim və şair Hamlet İsaxanlı öz hisslərini poetik üsullarla ifadə edərək öz mülahizələrinin hər maddəsini aydın əsaslandırmğa və izah etməyə can atır. Hamlet İsaxanlının poetik fikrinə görə insan dünyaya gəlir, onu dərk etməyə çalışır, hər gün dünyanın yeni üzünü, çalarlarını kəşf edir. Uşaqlıqdan eşitdiyi nağıllarla möcüzələr aləminə yola düşür və sərt gerçəkliklə üz-üzə gəlir. Beləcə öz həyatı boyu həyatın nə olduğunu anlamağa çalışır. Və bu düyünü axıra qədər aça bilmir.
● “Ot kökü üstə bitər” Hamlet İsaxanlının ən mənalı şeirlərindən biridir. Bu şeir hər misranın, hər sözün hədsiz məna yükü ilə çağdaş psevdofəlsəfi poeziya axınından ayrılır. Şair filosofluq etmir, amma hər halda həyatın mənasını arayır. Həyat doğumdan ölümə gedən yoldur. Bəs insan bu misli-bərabəri olmayan istedadı, zəkanı necə, nəyə sərf edir? Bu həyatın mənası nədir? Bəlkə daimi hərəkətdə və irəliləmədə?! İnsan daima harasa can atır, gedir, qaçır, dünyaya baxışını üfüqünü (bucağını) hey genişləndirərək… Şair bu barədə “Şəhərlilər kənddən gəldi” şeirində bədii surətdə çox sadə, dəqiq və müəyyən ağrı ağrı ilə danışır.

Əli Rza Xələfli
Şair və ədəbiyyatşünas:

● Əzizim Hamlet müəllim, sizin zəngin yaradıcılığınız, hətta “Təzadlar” (2001), “Bu da bir həyatdı” (2004), “Dördlüklər” (2007), “Ziyarət” (2009) adı altında çap olunan kitablarınız bəs eləyir ki, biz Azərbaycanın ədəbi-mənəvi tarixində yeri olan, yeri görünən poetik sözü ilə özünü diktə edən bir sənətkar haqqında danışa bilək. Mən ayrı-ayrı misraları oxuduqca sizin insan hisslərinin rəngarəng xəritəsində ən ecazkar, bəlkə də, ekzotik ərazilər zonası olaraq təsvir elədiyiniz məqamları gözümün önünə gətirirəm və həmin anlarda düşünürəm ki, insan hisslərinin bu qeyri-adiliklərini ancaq şair görə bilər.
● H.İsaxanlı kimdir? Bu suala axıradək cavab vermək yəqin ki, müasirlərimiz üçün olduqca çətin olacaq. Buna görə də onun şəxsiyyətindən, bir müəllif olaraq yaradıcılıq dünyasından, ən başlıcası, onun elmi-bədii yaradıcılığından danışmaq məsuliyyət, ədəbi-elmi cəsarət tələb edir. Bizim qiymətləndirdiyimiz onun çox böyük mənəvi aləmi, şairlik dünyasıdır. O, ürəyi ilə, qəlbi ilə tənha qalmağı bacarır. İnsanın hisslərinə, arzularına, duyğularına qarşı durmuş olan dünyanın özü ilə üzbəüz danışmaq gücü və qüdrəti var Hamletin şeirlərində. Hamlet İsaxanlı poeziya tarixində nadir hisslərin ifadəsinə görə, yaşamaq haqqını qoruyub saxlaya biləcək.
H.İsaxanlının ictimai-fəlsəfi görüşlərini, insani məhəbbət duyğularını əks etdirən poetik örnəklərində biz onun mənəvi gücü ilə qarşılaşırıq. H.İsaxanlı şair olmaqdan başqa, rus, Avropa və dünya ədəbi-mənəvi mühitinin təlqin elədiyi əsas ideyanı, fəlsəfi mahiyyəti özünün yaradıcılığında, xüsusilə, poetik yaradıcılığında göstərən və təsdiq edən bir tədqiqatçıdır.
● H.İsaxanlı sözün övladıdır, elmin övladı olmaqdan əvvəl. Kövrək duyğularının tarixi nə zaman-dan başlamasından asılı olmayaraq, şeirin, poeziyanın övladıdır. …Hamlet İsaxanlı hər sözü ilə, hər misrası ilə, auditoriya qarşısındakı çıxışları ilə, cəmiyyət içərisindəki görüşləri ilə bu dünyaya ancaq səmimiyyət gətirdiyini təsdiq edən ziyalıdır….Görəsən, səmimiyyətdən üstün daha bu dünyaya nə gətirmək olardı?
H.İsaxanlının poeziyasında lövhələr tez-tez dəyişir. O, bü¬tün ruhu poeziyanın hakimiyyəti altında olan və bu hakimə özünü bütün varlığı ilə təslim edən istedadlı bir şairdir. Və heç şübhəsiz, heç vaxt H.İsaxanlının səmimiyyətini onun şairliyindən ayırmaq olmaz. Bəlkə də, onun şairliyinin və demək poeziyasının ən üstün məziyyətlərindən biri səmimiyyətdir – həyata, insanlara, eləcə də keçmişə və gələcəyə səmimiyyət. Oxucu, H. İsaxanlının ən azı hədsiz səmimiyyəti qarşısında qibtə hissi ilə düşünməli olur. Onun şeirləri insan qəlbinin dərinliklərindən süzülüb gəlir, duyğu ilə, hissiyyatla süzülüb gəlir.
● H.İsaxanlının poeziyasında onu fərdiləşdirən, onun poeziyasını müasir şeiriyyətin boz-bulanıq axınından fərqləndirən bir cəhəti mütləq qeyd etmək lazımdır. Bu, bir bayatı ovqatıdır.
Müəllif anasına ismarıc elədiyi mahnısını “Gedin, deyin anama” şəklində oxuyur. Nə qədər gözəldir, nə qədər ritmikdir, nə qədər kədərli bir mahnıdır! Şairin bütün varlığını özündə ehtiva edən bu mahnı-oxşama, bu nəğmə-bayatı sanki xalqın min illər boyu ruhundan gələn, varlığına hopmuş olan, az qala onun özüylə əbədiyyətəcən yoldaşlıq edəcək bir kədərin səsidir. Bundan o yanası yoxdur. Budur dildən istifadənin məharəti, budur xalqın ruhundan gələn duyğuların mənimsənilməsi, budur insanlığın dərdini, kədərini sevməyin əsl mahiyyəti! Sonuncu misralara diqqət edək:
Yorulub qəm-kədərdən/Heç ürəkdən güləmmir/Ölmək istəyir hərdən/Amma hələ öləmmir…
Poetik cazibədarlığın, insan həsrətinin dəhşətli əzab və iztirablara çevrilməsinin son həddi, son anı görünür. Ölmək istəyəsən, ölə bilməyəsən çalarında. Bundan o yana sözə lüzum yoxdur.
● Nə qədər təsirlidir “Dənizdə bir quş” şeiri. Burada şairin mənəvi dünyasındakı təlatümlərin mahiyyətini axıracan dərk etmək, duymaq üçün dənizdə ağlayan quşu Vətəndə, ya qürbətdə, uzaqda, ya yaxında ol¬ma¬ğından asılı olmayaraq, arzularını göyərdə bilməyən insan kimi təsəvvür etmək bəs edərdi….
● Beş bənddən ibarət olan “Dünya” şeiri dünyaya, həyata bu günə qədər yazılmış dünya şeir-lərindən fərqli ancaq müəllifin öz hisslərini göstərən bir baxışdır, münasibətdir.
● Onun “Əl-ələ” adlı bir şeiri insan həyatının mənasını ehtiva edən, bəsirət gözü açıq olma¬yan¬ların görə bilmədiyi tərəflərə işıq salır. Müəllif insan həyatının zənginliyini insanların bir-birinə doğmalığında görür, bir-birini daha dəqiq, daha aydın başa düşməsində görür. Hiss olunduğu kimi, bu kiçik, poetik parçada müəllif hələ gələcəkdə tufan kimi üzə çıxacaq “Ziyarət”in həyəcanlarının ilk mərhələsini yaşayır, “Ziyarət”in əzəmətli ruhunu tamamlayan, onun mənəvi zənginliyini açmağa kömək belə şeirləri az deyil. “Ziyarət” kitabında toplanmış “Gələcəkdə”, “Solist”, “Üç sual”, “Göylər bizdən uzaqdır”, “İstədik”, “Zamanın fəlsəfəsi”, “Sadə olmayan iş” və “Yuxu” kimi çox maraqlı şeirlər hər birimizin dünyasındakı cavabsız sualların müəllifin mənəvi aləmindən keçən cavablarıdır.
● Poeziya, nəzm və adi şeirdən fərqli olaraq daha çox fəlsəfi ümumiləşdirmədir. Poeziyada bənzərsizlik və təkrarsızlıq var. H.İsaxanlı da özünün səmimiyyətilə müşayiət olunan şeirlərində daha çox poetik ruhun daşıyıcısı kimi görünür. Onun “Ziyarət” poemasındakı əhval adi bir adamın, sıradan bir nəfərin əhvalı deyil. Onu oxuyan hər kəs özündən xəbəri olmadan, özünü o yerin adamı bilir, özünü elə orada bilir. Nə vaxtsa, hardasa bir qərib diyarda keçirdiyi hissləri yada salır.
● H.İsaxanlı istər şeirlərində, istərsə də “Ziyarət” poemasında sözü, fikri qafiyə xatirinə divana çəkmir. Elə təbii axarla öz ritmində ifadə edir. O, daxilində olan ritmi formaya tabe etməyə cəhd göstərmir. Sanki onun başlıca bir prinsipi var – səmimiyyəti qorumaq. Onun daxili aləmində səslənən simfoniya ağır-ağır, təmkinlə, kədərqarışıq bir ovqatla, necə varsa, eləcə də üzə çıxır. Daxili aləmindəki sarsıntılar, psixoloji gərginliklər onun misralarında açıq-aşkar duyulur. Bəzən bu fəryad şəklində, bəzən də həyatın xoş üzündən ruhlanan, həyat eşqilə alışan bir ürəyin çırpıntıları şəklində.
● “Ziyarət” nəhəng bir kompleksdir. H.İsaxanlının “Ziyarət”i yurda bağlılığın, yurda can atmağın, yurda qovuşmağın, yurdu qorumağın, ona həyan olmağın, onun yalnız özünün başa düşə biləcəyi bir dildə dərdlərini danışmağın könül “Ziyarət”idir. H.İsaxanlı ruh adamıdır. Könül quşu onu haraya çəksə, özünü oranın sakini bilər. Amma onun könül quşu da çox sədaqətlidir. Yurda sədaqətli, doğma torpağa sədaqətli, Vətənə sədaqətli.
H.İsaxanlının “Ziyarət” poemasında həsrət motivlərinin yandırıcı cizgiləri sözə çevrildikcə emosiyaları artırır, oxucunun köksünü qabardır, yaddaşını təzələyir, oxucunun özünün oxşar duyğularını tərpədib oyadır, silkələyir, ona indiyə qədər yadına salmadığı, düşüncələrində təzələmədiyi duyğuları xatırladır.
H.İsaxanlının “Ziyarət” poeması ədəbi-bədii dəyərinə, sağlam-estetik əsaslarına (Camal Mustafayev) görə yaşarılıq haqqı qazanacaq, zaman-zaman müəllifinə şöhrət qazandıracaq əsərlərdəndir.
● Müəllif “Ziyarət”in ən gözəl fəsillərindən birini gözəlliyin tərənnümünə həsr edib. Onun özünəməxsus açımında gözəllik bütöv mahiyyəti ilə təzahür edir. O, əbədiləşmiş, ömrünün kamillik çağına çatmış gözəllik obrazıdır. Onun gözəli Bayronun, Füzulinin, Titsianın gözəli qədər müqəddəsdir. An¬caq onların heç birisinin gözəlinə bənzəmir. Şahanə bir gözəlliyin rəsmidir. Sözlərin rəngilə işlənmiş portretidir. Özü də diqqət eləsək, heç bir ifrat təsvir və qarşı tərəfə xüsusi diqqəti yönəltmək məqsədi daşımayan “rənglərdən” istifadə olunub. Müəllif sözün həqiqi mənasında gözələ heykəl qoya bilib. Tişədən, daşdan istifadə eləməyib. Onun heykəltəraşlıq emalatxanası özünün zəngin müşahidə aləmidir, təəssürat dünyasıdır, həyata, insanlara sevgi dolu baxışlarıdır.
● Müəllifin sanki təhkiyə ilə, acı bir hekayə kimi danışdığı tarix birdən-birə daha da emosionallaşır, yüksək poetik yük götürür. Və əsl poeziya örnəyinə çevrilir:
Nə gedən var, nə qayıdan/Yolların yükü azalıb/Nə köçən var, nə yurd salan/Dağlar intizarda qalıb.
Bu dörd misrada poetik əhval o qədər güclüdür ki, sanki əsərin özü qədər ağrı və yük daşıyır. Müəllifin bütün varlığı, mənəvi aləminin bütün zənginliyi, onun çiyinlərində daşıdığı yükün ağırlığı, dərdləri, ağrıları, acıları sanki bu dörd misrada ifadə olunub. Təsadüfi deyil ki, elə bu dörd misranın yaratdığı əhval inkişafın növbəti məqamında sanki zərgər əli ilə işlənmiş bayatı-incilərə çevrilir.
İnsanı mənən zənginləşdirən, ona sonsuz estetik zövq bəxş edən dördlüklərində Xəyyam ruhu duyulur. İnsan hissləri və duyğuları o qədər təbii axarla bir-birini tamamlayır ki, şairin mənəvi aləmindən gələn ecazkar duyğulardan alınan zövqü oxucunun öz ixtiyarına buraxmaq daha yaxşıdır – qənaətindəyəm.
● H.İsaxanlının obrazlarında daxili hərəkət daha güclüdür. O, daim suallar qarşısındadır. Özünün daxili aləmindən gələn suallara elə özü cavab tapmağa çalışır. Müəllif düşüncələri obrazların təbiətinə uy¬ğun verir. Kim necə düşünə bilərdisə, kim hansı səviyyədədirsə, elə o cür, sanki həmin ifadələrlə sözlərin düzümünü yaradır. Sadəcə, poetik əhvalını əlavə etməklə, poetik formanın donunu dəqiq biçməklə.
● İndi mənzum romanlar dövrü sanki qurtarıb. İndi düşüncə poeziyası daha çox hakimdir. Zənnimizcə, bu gün poema janrı özünün yeni mərhələsini yaşayır. Və bu mərhələnin ən yaxşı nümunələrindən biri də H.İsaxanlının ənənəvi poemalardan fərqlənən “Ziyarət” poemasıdır. Çünki bu əsərdə obrazların mənəvi aləminin psixoloji gerçəklikləri əsas götürülür. Əsər ayrı-ayrı lirik-epik lövhələr kimi yazılıb. Hər bir hadisə, görüş, hər bir obraz özü lövhə yaradır, daxili aləmini açır, nə istədiyini, nəyi görmək istədiyini biz obrazların dilindən eşidirik. Seçilən obyekt, subyektin ona münasibəti, bədii məntiq və xüsusilə, müəllifin həmin parçanı ümumiləşdirərək ona yekun vurması, yüksək sənətkarlıqla yerinə yetirilən bədii şərtlər – bütün bunlar əsərin hər bir parçasının ayrılıqda lirik-emosional hisslərlə zəngin olan müstəqil şeir kimi şərhini mümkün edir. Hər bir müstəqil parça özündən əvvəlkinin davamı kimi səslənir və hər biri ayrılıqda nə qədər bitkin olsa da, bütöv zəncirin qırılmaz halqalarıdır.
H.İsaxanlının hadisələrə ibrətli ümumiləşmiş münasibəti ayrı-ayrı parçaların arasında lirik lövhələrlə sıxlaşmış qara buludları yaran şimşək kimi görünür. Dərin fikir, müdrik söz bir anda bütün qaranlığı parçalayır. Xalq təfəkküründən qaynaqlanan və insana mənəvi güc, təpər bəxş edən misraları sözün həqiqi mənasında, süd aydınlığına bələnən gecənin parlaq ulduzlarına bənzəyir.
● Müəllif öz obrazlarını tipikləşdirərkən, onların dəqiq və aydın cizgilərini çatdırmaq üçün canlı danışığın koloritindən məharətlə istifadə edir. Obrazın dilindən kinayə, istehza o qədər səmimidir ki, sanki biz də həmin söhbətin şahidi oluruq, bu sözləri deyən adamın öz dilindən eşidirik. Acı kinayə, gülüş içərisində ürək yanğısı… Fikrin sadəliyi, seçilmiş ifadələrin məqsədəuyğunluğu. Sanki müəllif ayrı-ayrı ifadələrin mənaya tabe edilməsi üçün heç bir əziyyət çəkmir. Yazdığı kimi düşünür, çünki elə düşündüyü kimi yazır.
● H.İsaxanlının poetik yaradıcılığını, “Ziyarət” poeması da daxil olmaqla, insan və cəmiyyət, insan və təbiət arasındakı əlaqələr haqqında ədəbi traktat da hesab etmək olar. Onun həyatla nəfəs alan obrazları baş verən gözlənilməzliklərə təmkinlə münasibət bildirir. Sanki hadisələrin gözlənilməz yox, təbii axarla baş verdiyini qabaqcadan duyur, çox ustalıqla, elə hadisələrin içindəcə çıxış yolunu tapır. Hamletin yaradıcılığında ziddiyyətləri qarşılaşdırmaq, poetik müqayisələr aparmaq əsas yaradıcılıq üslubudur. Sanki təbiət onun tapınacaq yeridir. Elə özünü də təbiətin varlığında tapa bilir, təbiətə güvənəndə, təbiətlə qovuşanda körpə uşaq anasının qucağına sığınan kimi rahatlıq tapır. Təbiət onun üçün ana qucağıdır.
H.İsaxanlı təbiətlə qovuşma anındakı düşüncələrində nə qədər yerlə, göylə əlləşsə də, son nəticədə onu sehrli aləmə aparan təbiətin bir parçasında qərar tutur və real insan olaraq sanki uşaqlığının tarixçəsini danışır. Danışılan əhvalat, çözülən hekayə o qədər kövrək, o qədər duyğuludur ki, sanki qar altından çıxan zərif bir çiçəkdir. O çiçəklə kobud rəftar etmək olmaz. Ona incəliklə, zərifliklə, kövrəkliklə yanaşmanın bəhrəsi əlbəttə, kövrək pıçıltılara çevriləcək.
● İnsan hisslərinin, insan duyğularının ən nadir yaşantılarının sözə gətirilməsi, sözə çevrilməsi H.İsaxanlının müəllif kimi böyük uğurudur. Uşağı qanadlandıran duyğular, uçmaq, səmada qoşa göyərçin kimi pərvazlanmaq istəyi uşaq aləminin ən gözəl lövhələridir. Buradakı saflığı, təmizliyi görməmək, sözlə yaranmış mənzərədəki İlahi gözəlliyi duymamaq mümkün deyil. Bu mənzərə hər birimizin həyatında var. Əlbəttə, o aləmi yaşamış olanlardan söhbət gedir. Amma eyni zamanda bu bir tarixi hadisə deyil, ancaq bütün tarixi hadisələrdən daha canlı, nəfəsli və ruhludur. Ona görə ki, biz o misraların arasında döyünən şair ürəyini görə bilirik.
● Hamletin şeirlərində hisslər, duyğular bəzən o qədər güclü, o qədər təzə-tər, ayrılıqda götürülmüş və eyni zamanda bütün insanlığın hisslərini, duyğularını ifadə edən lirikası o qədər fərdiləşir ki, bəzən düşünürsən bu misraları başqası oxusa, həmin təzəliyi, həmin kövrəkliyi itirə bilər. Bu mənada Hamletin şeirləri, kövrək poeziyası özünə çox bənzəyir, onu çox böyük həssaslıqla tamamlayır. Poeziya şairin ruhundan qopmuş zərrələrdir. Əsil poeziya elə müəllifinə bənzəməlidir.
● H.İsaxanlının “Ziyarət” əsəri nəyə görə qiymətlidir? Nəyə görə belə əsərlər diqqətlə oxunmalı, öyrənilməlidir? Çünki gələcəyin adamları tarixin yazdıqları əsasında keçmişə qiymət verəcəklər. Bu mənada, ədəbiyyat da tarixdir. Ancaq ədəbiyyat tarixdən fərqli olaraq həyatda nə varsa, hamısını – olmuşların, olanların və həm də ola biləcəklərin hamısını yazmalıdır. Şübhəsiz, elə yazmalıdır ki, nəinki bugünkü insanın, eləcə də gələcəyin adamının zövqünü oxşamaqdan başqa, könlünü ovutmaqdan başqa, gələcəkdəki insan ötüb keçən zamanların əhvalını, ovqatını, mənəvi mühitini kifayət qədər dolğunluğu ilə təsəvvür edə bilsin. Zənnimcə, “Ziyarət” poemasında həyatın bütün rənglərini verə bilmək cəhdləri uğurla nəticələnib. Təbiətlə insan arasındakı münasibətlər, təbiətin bətnindəki təzadlar və bunların insanın mənəvi mühitinə təsiri, onun kövrək dünyasında qoyduğu izlər – bütün bunlar həssaslıqla, yaşantılarla qələmə alınıb. Gözlərimizin qarşısında hələ sümükləri bərkiməmiş balaca bir uşaqdır – cansız, çəlimsiz. Az qala gözümüz görür, yüyürüb onun gücü çatmadığı tənək budağını qaldırmaq istəyirik. Uşağın çəkdiyi zillət gözümüzü göynətdiyi kimi, qəlbimizi də ağrıdır. Dünyanı lənətləmək istəyirik. Bu təəssüratları yaratdığı üçün “Ziyarət” qiymətlidir.
● “Ziyarət”də mən Əhməd Ağaoğlunu da düşündürən həssaslıq görürəm. Heç bir ormanın, heç bir çayın, heç bir ağacın, heç bir cığırın, heç bir yolun unuludmadığını görürəm. “Qışla yazın arasında” fəslində, yaddaşdan işıq zərrələri kimi görünən nə varsa, hər şeyin xüsusi emosional duyğularla qələmə alınması, özü də xalıda öz yerində olan ilmələr kimi naxışlanması, sözlərin ruh kəsb eləməsi – bütün bunlar sanki həqiqətən təbiətdə, iqlimdə yazla qışın arasındakı həyatın özüdür. Mənə elə gəlir ki, uşaq aləminin yaddaşında iz buraxmış bu ömür parçası min ildən sonra oxunsa da, həmin uşağın yaşadığı dövr, zaman, həyat keşməkeşləri arasında çırpınan diləklərin hamısını göstərəcək öz rəngində, öz rayihəsində, öz ətrində, qoxusunda. Deyəsən, ədəbiyyatımızda uşaq hisslərinin bu qədər təbiiliklə verilməsi səhnələri çox azdır. Hər halda, H.İsaxanlının tənəklər arasındakı soyuqdan göyərən “uşağının” hissləri, duyğuları çox orijinaldır, təsirlidir və eyni zamanda ahənrüba kimi cazibəyə malikdir. Az qala o yerlərə uçub dörd gözlə həmin uşağı o üzüm tənəklərinin arasında axtarmaq istəyirsən.
● “Ziyarət” həm də ona görə həmişə oxunacaq ki, insan iztirablarının, insan əzablarının yaddaşdan keçən varlığı olduğu kimi görünür, siluet kimi yox, kölgə kimi yox, ruh kimi görünür, amma bütün canı ilə, bütün varlığı ilə, zamanın ağrı və əzablarını özünə yığaraq görünür. Dəfələrlə qeyd etdiyim kimi, H.İsaxanlının yaradıcılığındakı təbiilik və bu təbiiliyin təbiətlə qohumluğu onun özünün təbiətindən irəli gəlir. Onun ruhunda təbiilik sanki meyardır, ölçüdür.
Hamletin lirik qəhrəmanının mehrabı təbiətdir. Əzilməmiş, tapdanmamış çöl-çəməndir. Onun lirik yaradıcılığı sanki çiçəklər qarşısında təzimdir. H.İsaxanlının “Ziyarət” poeması onun mənəvi aləmindəki fırtınaların, təlatümlərin poetik əks-sədasıdır.
● Bilirəm ki, H.İsaxanlı yaradıcılıq aləmində olan və sözünün kiminsə tərəfindən necə dəyərləndiriləcəyinin fərqinə varmayan sənətkardır. Çünki o, özü yaxşı bilir ki, sənətin nüvəsində olan işıq zamanı gələndə daha aydın görünür. Ona görə də H.İsaxanlı yaradıcılığının taleyindən narahat olmayan bir şairdir. Onun indiyə qədər dərc olunan kitabları insan hisslərinin çırpıntılarını duyan adamlar tərəfindən sevilə-sevilə oxunur. H.İsaxanlının şeirləri nadir insan mənzərələrinin, həm də gözlə görünməyən mənzərələrinin əks-sədasıdır.
● “Ziyarət” poemasında kənd həyatı, onun bütün əzabları, çətinlikləri, ağrıları, acıları yaz başlayandan çabalayan kəndlinin ruzi, dolanışıq imkanı qazanmaq üçün cidd-cəhdləri – bütün bunlar Turgenyevdə də, Puşkində də, L.Tolstoyda da kifayət qədər öz əksini tapıb. H.İsaxanlının “Ziyarət” əsərində də sanki XIX əsr rus ədəbiyyatından varisliklə qidalanma hiss olunur. Kənd ocağında nəşə görən bir uşaq indi uşaq olmasa da, yaddaşının gücünə həmin zamana qayıdır. Sanki ecazkar bir kənd axşamını ən azı əlli il bundan əvvəlki zamandan qoparıb bizim gözlə-rimizin önünə gətirir.
● H.İsaxanlı istər poemalarında, istərsə də şeirlərində, ədəbi-publisistik düşüncələrində (onun radio və televiziya ilə maraqlı müsahibələrini, çıxışlarını dinləmişik) cəmiyyətin mənəvi sistemi uğrunda, bu günə qədər qorunub-saxlanılmış və müasir mədəni mühitin daha da zənginləşdirdiyi dəyərlərin qorunub saxlanması, gələcəyə ötürülməsi naminə fədakarlıqla mübarizə aparan diplomata bənzəyir. Əlbəttə, onun diplomatiyası inam üzərində bərqərardır. Öz gücünə inamdan, sözünün saflığına inamdan, doğruluğuna və düzgünlüyünə inamından qidalanır. Elə ona görə də onun poetik lövhələri daxili-mənəvi aləmin təbii səsləri təsirini bağışlayır. Şair indi ilə gələcəyin arasındakı sərhədləri görür. Gələcəyin indidən nə qədər fərqli olduğunu da başa düşür. Bu mahiyyəti ifadə edən, bu mənanı özündə ehtiva edən çoxlu, dəyərli əsərlərin, poetik lövhələrin müəllifidir. Sanki o, bu günün özündə dayanıb uzaq gələcəyə zillənən baxışları ilə bizə tərəf gələn gələcəyin adamlarını müşahidə edir.
● H.İsaxanlı nə qədər şairdirsə, şairliyində də bir o qədər filosofdur. Dünya, cəmiyyət, təbiət haqqında poetik fikirlərin axarına düşən, qəlibinə sığışan ümumiləşdirmələr aparır. Bir həqiqət də var ki, H.İsaxanlı heç kimə bənzəməyən, heç kimin nə formaca, nə də məzmunca getdiyi yolu getməyən bir şairdir. H.İsaxanlının poeziyanın estetik mahiyyətini ruhuna hopdurduğuna heç bir şübhəm yoxdur.
● “Ziyarət” əsərində təkrarsız lövhələr var, bənzərsiz lövhələr var. Əslin¬də, elə poeziya bənzərsiz anların poetik lövhələrə çevrilməsidir. İnsanın yaşadığı ilkin mağaradan ta bu günəcən təbiətdə və cəmiyyətdə, həm görünüşdə, həm də düşüncədə poeziya yaşayır. Amma şairlik missiyası, şairin təbiəti bu anların bənzərsizliyini görməkdir. Ömrümüzün ən xoşbəxt, ən gözəl, ən təkrarsız və heç vaxt unudulmayacaq bir anını H. İsaxanlı “Ziyarət” poemasındakı “Səadətdir böyük, kiçik bir güləndə” başlıqlı misraları ilə bizə qaytardığına görə, bizə fərəh, saf duyğular bəxş etdiyinə görə, həyəcanlı anlar yaşayırıq. Bircə sözü də saxlamaq, bircə misranı da kəsmək istəmirsən.. Üst-üstə qalaqlanmış cildlərə bərabər, fatehlərin işğalçılıq niyyətlərinə bəraət gətirməyə çalışan “tomların” hamısının əvəzində iri bir qranit lövhə, təbii daş üzərində elə bircə bu cümləni yazmaq bəs eləyərdi -“Səadətdir böyük, kiçik bir güləndə”. Dünyanın xilas yolu elə bircə bu cümlənin içərisinə yığılmış mənadan, mahiyyətdən ibarətdir. Dünyanın xilas yolu zorda, gücdə, mənəmlik iddialarında, dünyanın ən təhlükəsiz banklarına yığılmış sərvətdə, pulda deyildir. Sözün həqiqətindədir, poeziyanın saf, duru, bulaq kimi tər-təmiz təbiətindədir.
● H.İsaxanlı demək olar ki, bütün poeziyasında düşüncə şairidir. Onun hissləri nə qədər orijinal, təzə-tər və səmimi olsa da, bir o qədər də fikirlə yüklənmiş olur. Biz ənənəvi poeziyada demək olar ki, tərənnümü hiss və həyəcanın ifadəsi kimi qəbul eləmişik. Ancaq ümumdünya ədəbi prosesi göstərdi ki, cəmiyyətin ağrılarını müəyyən olunmuş poetik gücdə göstərmək üçün tərənnüm həmişə və axıradək etibarlı yol deyil.
● H.İsaxanlı istər sevgi şeirlərində, istərsə də “Ziyarət” poemasında real həyatın, bu günün insanı-nın sevgisinin dəqiq ünvanını və motivlərini göstərə bilir. Onun aşiqi, sevdalısı göydən Ay gətirən adam deyil, amma sevdiyinə “nə istəyirsən, sənin üçün eləyim” hökmünü verməyə gücü çatır. Onun mənəvi gücü inamındadır, çünki sevgisində inamlıdır. Bu sevginin mənəvi mühitini vermək üçün H.İsaxanlı sələfləri kimi, Azərbaycanın bir çox klassik sənətkarları kimi sevginin obyekti və subyekti olaraq ilahi obraz yaratmaq istəmir. Təşbehlərini, bənzətmələrini yerdən-göydən gətirmir. Onun təqdim elədiyi, bizə tanıtdığı adamlar özünə nə qədər doğmadırsa, bizim özümüzə də elə bir o qədər doğmadır. Həmin adamları biz də tanıyırıq.
H.İsaxanlı fəlsəfəçilik eləmədən, qətiyyən müdriklik iddiasında olmadan özünün daxili-mənəvi ahəngi ilə poeziyada hərəkətdədir. Onun bu daxili-mənəvi ahəngi ruhunun harmoniyasını olduğu kimi təqdim edə bilir. Biz bir sənətkar kimi onu poeziyasının müdrikliyində, müdrikliyini isə poeziyasında görə bilirik. Bəlkə də, Azərbaycan ədəbiyyatı tarixində sevgi hisslərini özünəməxsus orijinallıqla “Leyli və Məcnun”un, “Vərqa və Gulşa”nın… XX əsr üçün ən nadir bir variantını yaradıb. Dastan elə dastandır. O, lap bir səhifə də ola bilər, min səhifə də. “Bir diri ceyran balası” sevgi haqqında, sevgidə səmimiyyət haqqında, ruhi-mənəvi bağlanış haqqında ən dəyərli bir hekayət… H.İsaxanlının təfsirində sevgi haqqında hekayətin tam yeni bir məcrası…
H.İsaxanlının “Ziyarət” poemasında həyatın ən müxtəlif tərəfləri, hətta bir-birinə zidd tərəfləri demək olar ki, süniliyə yol vermədən, təbii şəkildə öz rənglərində göstərilə bilib. Onun həm zaman, həm də məkan baxımından geniş əhatə dairəsinə malik “Ziyarət” əsərində sevginin, məhəbbətin çox məhrəm, örtülü və həm də gizlədilməsi mümkün olmayan tərəflərini də görürük. “Bir diri ceyran balası” hekayəti sevgi haqqında bəlkə də, çox şirin bir nağıldır. Səmimiyyət o qədər güclüdür ki, hətta onu yaşayan bir insanın, müəllifin yazdığına belə şübhələnirsən. Hekayətdə tərəflərin bir-birinə münasibəti, keçirdikləri hisslər, həyəcanlar, narahatlıqlar çox aydın verilib. H.İsaxanlının lirik-epik əsərlərində dəli sevdalara sonsuz ehtiram və sevgi var. Nə qədər insan var, onun hissləri və duyğuları da olacaq, dəli sevdalar da olacaq; sevdaların ən gözəli – dəli sevdalar!..
● Sözün həqiqi mənasında bütöv bir əsri böyük zaman və məkan içərisində göstərən “Ziyarət”i həm də həyatımızın romanı hesab edə bilərik. Bu əsərin şirəsi, mayası xalq təfəkkürüdür. Güclü təəssürat yaradan əsər oxucunu duyğulandırır, düşüncələrini əsərin ovqatı üstə kökləyir, oxucu qəzəblənə bilir, acıyır, qürurlanır, inamın nə¬yə qadir olduğunu dərk edir, bəzən sevinir, bəzən kədərlənir. Zənnimcə, əsl həyat həqiqətlərinə güvənən belə əsərlər insanların mənəvi harmoniyasına çox ciddi təsir göstərir, insanın mənəvi ucalığına xidmət edir.
● Ziyarət” poemasında Ana¬nın tənhalıq anları nə qədər orijinaldı. Ana haqqında saysız duyğular, düşüncələr qələmə alınıb. Və bu “Odisseya”nın, “İlliada”nın, Qorqudluğun məğzində Hamletin dərdini göylərə açan Anasının (əsərdə nənənin) obrazı xarakter etibarı ilə, öz düşüncələri ilə, saflığı ilə, müasir günümüzün anasına daha yaxındır. Tanrıya dualar pıçıldayan ananın bütün aləmini görə bilirik. Onun həlimliyini, müqəddəsliyini, övlad sevgisini, dünyaya, bəşərə əmin-amanlıq arzularını müəllif çox səmimi duyğularla təsvir edir. Ana obrazı bütün əzəməti ilə H.İsaxanlının yaradıcılığında illər boyu özünü hifz edəcək gücdə yaradılıb.
● H.İsaxanlının poeziyasını əlvan rənglərə bürüyən, onu dil-dil ötməyə vadar edən, canlandıran, danışdıran öz qanı¬nın rənginə boyaması ilə bağlıdır. “Ziyarət”in ayrı-ayrı fəsillərində zaman, mə-kan dəyişir, poetik duyğuların ən müxtəlif formalarda rəngləri təzahür edir. Rənglər bəzən tündləşir, bəzən bozarır, hətta bəzən güclə seziləcək dərəcədə çalar kəsb edir. Bu, şairin damarlarından axan qanın sürəti, onun qatılaşması və bəzən də durulması ilə bağlıdır.
● H.İsaxanlının yaradıcılığı daxili aləmindən gələn səslərin oxucuya yad təsirlərsiz çatdırılması ilə fərqlənir. “Ziyarət” poemasında da bu təbiiliyi, müəllifin daxili aləmindən gələn səslərin fərdiliyini və orijinallığını hiss edirik. Burada bir şairin həyatdankənar, qeyri-insani bir varlığı təsvir etdiyini yox, həqiqi insanı, bizimlə danışan, bizi duyan, onu duymağımızı istəyən bir insanı görürük. …Özündən başqa bir kimsənin könlünü səsi ilə, sözü ilə dilləndirə bilən hər kəs sənətkardır – istər şair olsun, istər nəğməkar, müğənni… “Ziyarət” poemasında sanki nəbzi əlimizdə olan insanın ürəyinin döyüntülərini hiss edirik.
● H.İsaxanlının “Ziyarət” poemasını yaddaşın əzəmətli simfoniyasına bənzətmək olar. Yaddaş Sahibinin ocaq-ocaq, cığır-cığır, ev-ev və ən başlıcası, ürək-ürək gəzdiyi yerlərdə xatirələrin oyanışı hisslərə, duyğulara təsir edir, canlanmalar poetik lövhələrə çevrilir. Beləcə, əsər boyu poeziyanın incə, duyğuları titrədən, bəzən şahə qalxan, fırtınalı dalğalara bənzəyən, bəzən az qala ağacları kökündən qoparan küləklərin vıyıltısına, bəzən də bir səhər çağında bülbüllərin cəhcəhinə bənzər səsləri dinləməli olduq.

● H.İsaxanlının poeziyası daha çox musiqiyə bənzəyir. Bəzən səhradan keçən karvan yolundakı bir qatarın ağır, ləngərli yerişilə muğam sədaları dinləyirik. Bəzən simlərdə tufan yaradan sazın yanğıları bizi qovurur. Bəzən də həzin, sakit çay axarı ilə hansısa bir məbədin içərisindən, divarların, daşların arasından özünə yol tapıb çıxan orqan musiqisinin sehrinə düşürük. Simfonik sədalar bizi düşündürür, bəzən də “Üvertüra”nın qanı coşduran sədaları altında yumruqlarımız düyünlənir, qəzəbimiz ovxarlı qılınc kimi haqsızları doğramaq üçün qınından siyrilir.
● H.İsaxanlı sözün bətnində hansı gücün olduğunu yaxşı bilir. Və daha çox poetik sözün daxili aləmindəki enerjinin nəyə qadir olduğunu… Əməl insanın özündən daha uzunömürlüdür, illah da, sözə, sənətə çevrilmiş əməl!
H.İsaxanlıda sözə aşiqlik var. Bəli, təkcə poeziyaya yox, sözə aşiqlik var. Dünya fəlsəfi irsini tədqiq edəndə də, rus ədəbi irsinin ən dəyərli nümunələrini araşdıranda da, sözə vurğunluğu ətrafında bir işıqlı halə yaradır. Mənəvi aləmin nuru onun sözündə açıq-aşkar görünür. Hər halda bu aşiqlik, bu vurğunluq nə qədər vurnuxsa da, nə qədər çırpınsa da, poeziya mələyinin onu oxşayan gözəgörünməz əlləri altında sakitləşir, həzin-həzin pıçıltılarla bu mələyə öz nəğmələrini oxuyur. Və yalnız bu zaman özünü daha çox bəxtiyar, daha çox xoşbəxt hiss edir. “Bu da bir həyatdı”, “Dördlüklər”, “Təzadlar” və həm də “Ziyarət” poemasındakı səmimi, duyğulu poetik örnəklər fikrimizin təsdiqi üçün canlı sübutlardır. Son onillik mərhələ onun poeziya ömrüdür – hökmü həmişə doğru olacaq! Onu yaşadacaq poeziya ömrü.
● Şühbəsiz, bir elm adamı, təhsil təşkilatçısı olaraq zəhməti və zəkası ilə özünün\ təsdiq etmiş H.İsaxanlı bircə misra yazmasaydı belə, yenə də adı hörmət və iftixarla çəkiləcək ziyalıları-mızdandır. Ancaq Tanrı ona səmimiyyətlə silahlanmış poetik istedad da bəxş edib. 30-40 il ərzində elmin dərinliklərinə doğru yeridikcə şairliyi, poetik istedadı onun mənəvi qida mənbəyi, ruhunun daşıyıçısı olub. Dünyanı gəzə-gəzə bu mənəvi gücə tapınıb. Həyatın ona qucaq açdığı sevincli günlərdə də, kədərli anlarında da onun poetik nəfəsi həmişə qəlbində yaşayıb. Klassik təbircə desək, onun həbibi, munisi olan poeziyası bir qayda olaraq tənhalığında onun çiyinləri üs-tündə qanad gərib. Və beləcə H.İsaxanlı həmişə şeirlə nəfəs alıb. Şeri ilə, poeziyası ilə şan-şöhrət azarına tutulmayıb. Ruhunun, paklığının müqəddəsliyini qoruya-qoruya poeziyanın İlahi yüksəkliyində, uçalığında mənəvi rahatlıq tapıb.

Hafiz Rüstəm
şair-tərcüməçi:

● H.İsaxanlı ancaq həqiqi sənətkara sirr kimi, sehr və möcüzə kimi əta edilən özünəməxsus fərdi üsluba yiyələndikdən sonra poetik mövzuların qapıları onun üzünə açılmağa başladı. Onun “Ziyarət”i təbii və orijinaldır. H.İsaxanlının “Ziyarət”ində ədəbi qəhrəmanın hiss və həyəcanları, dövrün dramatik hadisə və əhvalatları müvafiq söz, ritm və ahəng daxilində oxuculara çatdırılır.
Dünya ədəbiyyatında irili-xırdalı, məşhur-qeyri-məşhur səyahətnamələrdən fərqli olaraq H. İsaxanlı məhz özünəməx¬sus, çox da irihəcmli olmayan, ancaq dərin məzmunlu “Ziyarət” adlı bir səyahətnamə yaradıb. Bu səyahətnamə naməlum, xarici ölkələri səyahətdən deyil, artıq məşhurlaşmış bir şəxsiyyətin öz doğma yurdunu səyahətindən, öz ata ocağını ziyarətindən və bu səfərin yaratdığı poetik təəssüratdan bəhs edir. H.İsaxanlı təkcə doğulduğu çağdaş kəndlə, kənd adamları ilə, həm də ucqar kənd təbiətilə zahirən görüşmür, o, eyni zamanda hə¬min kəndin artıq xatirəyə çevrilmiş sərt həyat tərzilə, məhrumiyyət dolu tarixi keçmişilə bizi görüşdürür.
● H.İsaxanlının xalq təfəkküründən qaynaqlanan, ən passiv beyinləri də silkələyən, əxlaqi-didaktik misralardan ibarət bayatıları da təhlil obyektivində iri planda yer tutur.
● Hamlet İsaxanlı alim olduğu qədər də əsl şairdir. Onda müasirlik duyğusu və ürək yanğısı aydın hiss olunur.
● Xalq adından üzümü Hamlet İsaxanlıya tutub deyirəm: ey Dədə Qorqud kimi sələflərin xələfi, ey xalq şairim, bizə bəxş etdiyin solmaz, təravətli, ətirli poetic töhfələrinə görə Səni ürəkdən, bütün səmimiyyətimizlə təbrik edirik.
● Bu təzadlı, az qala əcaib ədəbi aləmdə, çaxnaşmalar, qalaqallar,…tündlüyündə minnillərin sınağından çıxan, milli-mənəvi, əxlaqi dəyərlərə söykənən, ən doğrucul, ən zəruri ədəbi-bədii sözü təmsil edən, ümumiyyətlə ülvi yüksəklikdən Günəş kimi təmənnasız işıq saçan həqiqi poetik sözlə qarşılaşanda sanki möcüzə baş verir. H. İsaxanlının əsərləri də məndə belə bir təəssürat oyatdı.
● Cəmi beş bənddən ibarət olan “Dünya” şeirinin su kimi rəvan axan fəlsəfi-estetik misraları arasından içində olduğumuz, deyib-güldüyümüz, əzab-iztirab çəkdiyimiz, cazibədar və vahiməli ilk beşiyimiz və son məzar evimiz bütün əsas rəngləriylə, olduğu kimi, real kontrastlarıyla görünür.
● H. İsaxanlının “Təzadlar”ını, demək olar ki, birnəfəsə oxudum. “Düşüncənin gərdişi”, “Durmadan”, “Möcüzə gecə”, “Bəxtimiz”, “Yaşamağa nə var ki?!”, “Şər və xeyir”, “Baş açmadım bu dünyadan”, “Etiraf”, “Qızdırma içində”, “Təzadlar” və s. şeirlər, həm də mən cəsarətlə deyərdim ki, məna və poetikasına görə klassikadan geri qalmayan rübailəri öz yüksək zövqlü oxucularını gözləyir.
● Yüksək sənətkarlıqla yazılmış parçaların olduğu, ideya-bədii xüsusiyyətləri orijinal və təbii olan bu poema bir dünyagörmüş müdrik insanın, hikmət sahibinin aforistik, fəlsəfi misralarıyla yekunlaşır. Bu misraların mahiyyətini nə qədər açmağa çalışsaq da, yenə də o misralardakı ilahi gözəllik və hikmətin sehrləri və sirləri müəmmalı qalacaq. Biz burada keçmişini unutmayan, gələ-cəyinə biganə olmayan, Şərq ürəkli, Qərb təfəkkürlü, müasir, milli bir ziyalının ölməz obrazını görürük. Böyük həyat eşqinə malik bu obrazın poetik Bisütunun hündür və əlçatmaz qayasına həkk etdiyi köhnəlmək bilməyəcək misraları ən azından Milli Yaddaş Sahibinin hafizəsindən heç vaxt silinməyəcək, əbədi yaşayacaqdır:

Bu yerlərə çox gəlmişəm/Gəldikcə də kövrəlmişəm
Nəşəm qəmlə görüşübdür/Sevincimə xal düşübdür.
Ey Tanrıdan aldığım nur/Sən göstərən yol doğrudur.
De, keçmişdənmi gəlmişəm?/Ya mən özüm köhnəlmişəm?

● Heç bir şöhrətli şairdən geri qalmayan şöhrətli alim dostumuza hər iki yaradıcılıq sahəsində olduğu kimi bütün digər şəxsi və ictimai işlərində də cansağlığı və uğurlar diləyirik.

Aydın Qənbərov
Dilçi alim:

● Hamlet İsaxanlı yaradıcılığında əzəli-əbədi mövzuya – məhəbbət mövzusuna aid şeirlər xüsusi yer tutur. Bu şeirlərdə klassik poeziyadan gələn varislik, kökə bağlılıq var. Lakin bu, sadəcə təkrar deyil. Həmin şeirlərdə nakam eşqin ürəkləri sızıldadan tərənnümü yoxdur. Sufilik var, lakin bu, vüsaldan qaçmaq səviyyəsində deyil. H. Isaxanlmm məhəbbət poeziyası vüsal sonluğu olan poeziyadır.
● «Durmadan» şeirində keşməkeşli həyat hadisələrinə münasibət bədii təzad şəklində verilib. Həcmcə çox kiçik olan bu şeir mənaca geniş və dolğundur.
● H.Isaxanlının şeirləri bədii sözün imkanlarına yaxşı bələd olan, bədii dili zənginləşdirən kamil insanın bədii düşüncələridir, uğur və məhrumiyyətlərin nə olduğunu öz həyat təcrübəsində dərindən hiss etmiş həssas bir insanın ürək çırpıntılarıdır, qəlbinin səsidir.

Əziz Pünhan
İlahiyyatçı:

● Riyaziyyatçı alimin poetik düşüncələri, zərif təbi ilə yazdığı şeirlər müasir ədəbi prosesləri özündə ehtiva edə biləcək qədər gücə malikdir. Onun biri digərindən fərqli və mənalı ədəbi düşüncələri, açıq və səlis dili oxucunu yormur. H. İsaxanlının yaradıcılığını izləyəndə, onun ayrı – ayrı vaxtlarda qələmə aldığı şeirlərini təhlil edəndə cəmiyyətin taleyi üçün daim narahat olduğunu duyuruq.
● H. İsaxanlının yüksək intellektini, mədəniyyətini, əxlaqını, nəcib təbiətini onun şeirlərində də görürük.
● “Hacı oldun, çox mübarək!” şeiri H. İsaxanlının dini dünyagörüşünün yüksək olmasından xəbər verir. Həyatın müxtəlif sahələri ilə yanaşı dini məsələləri də ədəbi dillə təsvir edən H.İsaxanlı Həcc mərasimində ərəbcə ifadə olunan sözləri olduğu kimi saxlamaq şərti ilə gözəl bir əsər yaradıb.

Dilbər Zeynalova
Ədəbiyyatçı alim:

● Hamlet İsaxanlının poeziyası onun xarakterinə çox oxşayır: təbii və məğrur, milli və ümumbəşəri. Daha doğrusu, Hamlet İsaxanlı şeiri, taleyi və şəxsiyyəti bütövlük təşkil edən şairlərdəndir. Onun poetik “mən”inin gücü təbiiliyində və əsilliyindədir. Bu poeziyada süni və qeyri-təbii heç nə yoxdur. Gerçəklikdən alınan süjet, ürəkdən axıb gələn poetik hiss, özünəməxsus fərdi ovqat poetik amala çevrilir.
● Hamlet İsaxanlı dünya, tale, həyat, insan və təbiət haqqında öz poetik duyğular və düşüncələr aləmi olan şairdir. Xeyir və şər, işıq və zülmət, səmimilik və riya rəngləri onun poeziyasında qəribə bir harmoniya və vəhdət yaradır. Şairə görə, insan ömrü, onun dramatik mürəkkəbliyi elə bu rənglərdən ibarətdir. Şeirlərindəki sərbəst düşüncələrə daxili vəhdət verən bu fəlsəfı ideyaya şair insanı min il yaşamağa qoymayan səbəbləri də əlavə edir – özgə dərdinə həssaslıq, narahatlıq və cavabdehlik hissi. Lakin bu rənglərsiz ömru də şair mənasız hesab edir.

Kamran Nəzirli
Dilçi alim və yazıçı:

● Hamlet İsaxanlının kitablarındakı şeirlər və tərcümələr müəllifin istedadından, poetik şeir dünyasından xəbər verir, onun bədii təxəyyülündən süzülən lirik, ibrətamiz duyğularını əks etdirir. Onun şeirləri mövzusuna görə nə qədər müxtəlif olsa da onları bir xətt birləşdirir: insanlıq sevgisi və məncə şairin xoşbəxtliyi də ondandır ki, bütün ziddiyyət və təzadlarına, əzab – əziyyətlərinə və sevincinə baxmayaraq, o, bu sevgidən doymur, bu sevginin yanğısıyla yaşayır. Amma şair elə-belə yaşamaq istəmir, həyatın insan qarşısma qoyduğu çoxsaylı, təzadlı suallara cavab tapmaq istəyir. Onun yaratdığı həyat lövhələri həm böyük sevinci, həm də böyük kədəri eyni dərəcədə tərənnüm edir, İnsanı heyrətə gətirən, onu sarsıdan və həm də onu məmnun edən duyğular lirik sətirlərə dönür və əslində bu sətirləri oxuyan adam onu özününkü hiss edir, doğma sayır.

● Hamlet İsaxanlının poeziyasında diqqəti çəkən əsas cəhətlərdən biri də onun şeir üslubunun bənzərsizliyi, sadəliyi və şirinliyidir. Müəllif dərin müşahidə qabiliyyəti, güclü bədii duyumu vasitəsilə həyat notlarını ədəbi fakturaya çevirə bilir və nəticədə incə lirizm yaradır.

● Hamlet İsaxanlının riyaziyyat, fəlsəfə, tarix, ədəbiyyat və musiqi sahəsindəki bilgiləri bədii-estetik təxəyyülünü bir qədər də zənginləşdirib, ona incə, həssas və poetik şeir duyğuları bəxş edib. Bu mənada alim-şairin poeziya yaradıcılığı diqqətəlayiqdir.
Hamletin bədii yaradıcılığı onun elmi təfəkkürünün məntiqli davamıdır və bu mənada onun şerlərində hiss və duyğulardan daha çox fikir, həyatın özü qədər sadə və mürəkkəb olan fəlsəfi düşüncə var. Bütün bunlara poetik duyumu, estetik hisslərin təsirli ifadəsini də əlavə etsək, şairin istedadı, bədii təfəkkürü haqqında daha aydın təsəvvür əldə etmək olar.

Müzəffər Şükür
Şair:

Hamlet İsaxanlının dahilərə məxsus sadəliyi və təvazökarlığı məni məmnun etdi. Bu, yüksək mənəviyyatın və intellektin təzahürüdür. Hələ də onunla görüşümün təsiri altındayam. Hamlet İsaxanlı poeziyasında şərq müdrikliyi ilə Avropa düşüncəsi bir – birinə qovuşub.

Nijad Mikayılzadə
Fizioloq-alim və dilçi:

● Ələ aldıqda aludə olub, birinci şeirdən son nöqtəsinədək birnəfəsə oxumamış yerə qoymaq mümkün olmayan şeir toplusu. Bu, Hamlet İsaxanlının “Təzadlar” kitabıdır.
● “Səni sevdim çox sadəcə” şeiri Hamlet İsaxanlının ən mürəkkəb hissləri ən sadə sözlərlə ifadə etmək bacarığını əks etdirir.
● Bir tərəfdən yumoristik xarakter daşıyan, digər tərəfdən isə islam dini terminologiyası ilə son dərəcə zəngin olub, klassik şeir üslubunda yazılmış “Hacı oldun, çox mübarək” şeiri xüsusi diqqətə layiqdir. Bu şeir müəllifin islamın bütün adət – ənənə, qayda – qanun və mərasimlərinə dərindən bələd olduğunu göstərir.

Sevil Gültən
Şairə:

● Otağımda çoxlıı kitablar var. Dünya ədəbiyyatının, Azərbaycan ədəbiyyatının neçə-neçə nümunələri var kitab şkafımda. Amma mənimçün doğma, ürəyimə yatımlı, içindəki şeirləri könlümü oxşayan bir kitab isə həmişə mənimlədir. Həmişə çantamdadır. Bu, Hamlet Isaxanlının «Təzadlar» kitabıdır. “Təzadlar”ı dəfələrlə oxuyuram və təkrar – təkrar oxuyanda hər dəfə nəsə yeni kəşflər edirəm.
● O böyük şairdir. Ancaq böyük şairlər quşun göz yaşını görə bilər. Ancaq dahi şairlər qanadı qırılmış quşun halına qəhərlənə, ölən quşu görərkən ağlaya bilər. Şair bu duyğularını “Dənizdə bir quş” şerində qələmə alıb.
● Fikrimcə kim şairi tanımaq istəsə ilk öncə onun “Tək qalmaq istəyirəm” şeirini oxumalıdır. Bu şeirdə əsl şairi görmək olar.

Səlim Müslümov
İqtisadçı alim:

Hamlet İsaxanlının şeirləri gözəl və bənzərsizdir, tanıdığım və oxuduğum bütün şeirlərdən fərqlidir, şeirlər mənalı və səmimidir.

Brilliant Dadaşova
Müğənni:

“Təzadlar” – mənim ən çox sevdiyim və çox oxuduğum, ayrılmaq istəmədiyim kitablardandır.

Firəngiz Nəsirova
Filoloq, tərcüməçi:

Hamlet İsaxanlı poeziyasında anaya sevgi, həyat dostuna sevgi, övlada sevgi, vətənə sevgi, amalına sevginin tərənnümü böyük bir harmoniya yaratmışdır.

Elza Semedli
Dilçi-alim:

● Riyazi zekayı, rasyonel düşünceyi estetik bakış açısıyla birleştiren yetenekli şair, çokyönlü âlim, tercüman, bilinçli eğitimci ve nihayet mütevazi insan Prof. Dr. Hamlet İsahanlı “İntibah dönemi sanatkarlarına has” (L. Lavrova, Moskva) özellikleriyle Çağdaş Azerbaycan edebiyatının Doğuyla Batı kültürünün mükemmel harmonisini yansıtan bir temsilcisidir. Şiirlerinde daima orijinali ve mükemmeli yakalamaya çalışan İsahanlı şiiriyeti, duygu yoğunluğuyla, sıradan gözüken ifade ve üsluplara edebi sanatlar vasıtasıyla yeni anlamlar kazandırması ve felsefi düşünceyi şekillendirmesi bakımından oldukça önemlidir. Bu anlamda matematiğin şiirsellikle kavuşması, şairin şiirlerini riyazi bir bilmeceye dönüştürür. Acaba bu ifadenin altında saklı bir şeyler mi var sorusu, okuyucuyu sarar.
● Hamlet İsahanlı, “Denizde Bir Guş…” ve “Bir Sehirli Şeherdeyem” adlı iki şiiriyle İstanbul`u Azerbaycan edebiyatına taşımıştır. Azerbaycan edebiyatından, İsahanlı şiir dünyasından incelemeye aldığımız bu iki şiir okuyucuyu görülenin ötesine götürmeyi başarıyor. Isahanlı şiiri dil, vezin, ifade bakımından halk şiirine, klasik Azerbaycan şiirine yakınken, içerik, düşünce, duyuş tarzı, tasvir gücü itibariyle ondan ayrılır ve sanatsallık kazanır. Cümleler kısa, açık, anlam bakımından öz ve yoğundur.
● Şair “Bir Sehirli Şeherdeyem” adlı iki şiirde İstanbul`u da her yönüyle, iyisiyle kötüsüyle, güzelliği çirkinliğiyle, anlatırken aslında hayatımızdaki gerçekliği, tezatlar üzerine kurulmuş bir dünyayı kendine has estetik bakış açısı ve üslubuyla yansıtır.
Şair adeta sözcüklerle İstanbul`un resmini çizer. Bu İstanbul resmine impressiyonist tablo hakimdir, çünkü şairin resminde çizgilerden ziyade renkler ve hatta koku vardır.
Doğanın gizemine hayranlık, şairde onu canlı varlık gibi hayal etme, “Boğaz`ı durna boğazı” mısrasını doğurur ve estetiklik şiirsellikle birleşır. Boğaz`ın güzelliği karşısında şair işte böyle bir sevdaya kapılmış, Boğaz`ın ruhundaki aşk ve hüznün, avazındaki hoşluğun sarhoşluğunu yaşıyor.
● Şiirde mecazlı söyleyişlerden, edebi sanatlardan kaçan, şiiri en öz ve yalın haliyle kabul eden ve serbest Türk şiirinin en güzel nümunelerini yazan Orhan Veli`nin aksine, İsahanlı şiiri daha mecazlı ve sanatsaldır. Anlatımdaki yalınlığı ve özlüğü korumakla birlikte, az kelimeyle çok şey anlatma İsahanlı uslubunun kendine has özelliklerinden biridir.
● Şair edebiyatta pek rastlanmayan bir benzetme kullanarak doğuyla batıyı birbirinden vazgeçemeyen, aynı zamanda da birbirni hazmedemeyen, bir barışık bir dargın aşıklar olarak tasvir eder. Bu özgün benzetme aslında Doğuyla Batı kültürünün mükemmel harmonisini kendisinde oluşturmayı başarmış Hamlet İsahanlı dühasının ürünüdür. Şair, mimarisiyle, tarihiyle, sosyal yaşamıyla, edebiyatı ve kültürüyle tarihten günümüze Doğu ile Batı`nın mükemmel karışımını yansıtan İnsanbul`u büyülü sayar.
● İsahanlı şiirlerinde maddi ve manevi değerlerin açık, gösterişli, basmakalıp ifade edilmesi söz konusu değildir, o bunu satır aralarına serpiştirir, şair için bu değerlerin kutsallığını seçtiği kelimelerden anlıyorsunuz.
● Anlatımı sürükleyici kılan ve anlam derinleştiren unsurlardan olan edebi sanatların kullanıması, sık sık tezatlara baş vurulması şairin başarılı üslubunu yansıtmaktadır. Ayrıca, hemen hemen her bendin başında tekrarlanan “Bir sehirli şeherdeyem” ifadesi şiirin vurgulanmak istenen ana temini oluşturmakla birlikte şiirde sürükleyiciliği sağlayan unsurlardandır. Şiirin ritmi hızlı değişen peysajlarla uyum içerisindedir. İstanbul film şeridi gibi gözlerinizin önünden akıp geçiyor.
● Yaratılış itibarile son derece hassas mizaca sahip şairin bu özelliği doğayla ilgili şiirlerine farklı şekillerde yansımaktadır. Şairin İstanbul`la ilgili bir başka şiiri “Denizde Bir Kuş…” bu hassas mizacın resmi gibidir. Şair İstanbul`un muhteşem Boğaz manzarasında tüğyan eden dalgalar arasında ağlayan bir kuş farketmiştir. Hani dikkatli bir okurunun da kaydettiği gibi “sadece gerçek şair ölmek üzere olan kuşun göz yaşlarını görebilir.”
Bu şiir Azerbaycan`da “İstanbul, Boğaziçi”gibi de bilinir. Ünlü romancı Mevlut Süleymanlı, bu şiir için “Istanbul, Boğaziçi şiirini okudum, dünyanın tüm ayrılıklarını hatırladım” der. Işte, bu küçücük, 7`li hece vezniyle yazılmış, şekilçe sade, muhtevaca zengin şiirde şairin değerler sistemini yakalayabiliyorsunuz. İstanbul`a yolu düşen ve ya burada yaşayan hemen hemen her kesin karşılaştığı, ama şair hassasiyetiyle duymadığı bir manzarayı İsahanlı, son derece sade, yalın, ama bir o kadar da etkileyici bir üslupla ve duygu derinliği de katarak şiirselleştirir.